BAKI,TurkicWorld
“Facemark” və “Good Finance” şirkətlərinin tərəfdaşlığı ilə aprelin 4-də IV Vergi və Mühasibatlıq Zirvəsi keçiriləcək. Tədbir vergi, mühasibatlıq və maliyyə sahələrində aktual mövzuların müzakirəsi üçün mühüm platforma hesab olunur.
TurkicWorld xəbər verir ki, zirvə çərçivəsində iştirakçılar üçün peşəkar biliklərin paylaşılması, təcrübə mübadiləsi və yeni yanaşmaların təqdim olunması üçün geniş imkanlar yaradılacaq.
Qeyd olunur ki, tədbir “PAŞA Bank” və “Unibank”ın bank sponsorluğu, “Azintelecom”un isə rəqəmsal həllər üzrə dəstəyi ilə keçirilir. Zirvədə dövlət və özəl sektor nümayəndələri, maliyyə və vergi sahəsinin aparıcı ekspertləri iştirak edəcəklər.
Bu il zirvə “Bahalı səhvlər” mövzusuna həsr olunub. Tədbirdə maliyyə idarəçiliyi, əmək münasibətləri və vergi sahəsində şirkətlərin yol verdiyi kritik səhvlər, onların hüquqi və maliyyə nəticələri ətraflı müzakirə ediləcək.
Zirvə çərçivəsində bir neçə panel müzakirəsi keçiriləcək. “Maliyyə riskləri və uçot” panelində maliyyə qərarlarında risklərin qiymətləndirilməsi və nəzarət mexanizmləri, “Əmək münasibətlərində uçot riskləri” panelində vergi yoxlamaları və hüquqi məsuliyyət məsələləri, “Vergi riskləri” panelində isə əmək münasibətləri və qanunvericilik çərçivəsində yaranan problemlər müzakirə olunacaq.
Ekspertlər real təcrübələrə əsaslanaraq risklərin qarşısının alınması, düzgün qərarvermə mexanizmləri və praktik həll yollarını iştirakçılarla bölüşəcəklər.
Məlumat üçün bildirək ki, Türkdilli dövlətlərin ilk ortaq media platforması olan “Türk Dünyası” (TurkicWorld) və VOA IV Vergi Mühasibatlıq Zirvəsinin rəsmi media tərəfdaşıdır.







