BAKI, TurkicWorld, Orxan Qədirzadə
Avropa İttifaqının İran İnqilab Keşikçiləri Korpusunu terror təşkilatı elan etməsi Tehranla Brüssel arasında gərginliyi kəskinləşdirib.
TurkicWorld xəbər verir ki, İranın xarici işlər naziri Abbas Araqçi Avropa İttifaqının qərarını “seçici qəzəb” və “açıq riyakarlıq” adlandıraraq, bu addımın bölgədə gərginliyi daha da artıracağını bildirib. Onun sözlərinə görə, Aİ Qəzzada baş verən hadisələrə qarşı heç bir reaksiya vermədiyi halda, İran daxilindəki hadisələr fonunda “insan haqları müdafiəçisi” kimi çıxış etməyə çalışır.
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas isə İnqilab Keşikçiləri Korpusunun terror siyahısına salınmasını “qətiyyətli siyasi addım” kimi təqdim edib. O bildirib ki, etiraz aksiyalarının güc yolu ilə yatırılması cavabsız qala bilməz və öz vətəndaşlarına qarşı zorakılıq tətbiq edən istənilən rejim nəticələrinə hazır olmalıdır.
Qeyd edək ki, İnqilab Keşikçiləri Korpusu 1979-cu il İslam İnqilabından sonra yaradılıb və İranın ali dini rəhbərinə tabe olan elit hərbi qurumdur. Korpus ölkənin raket və nüvə proqramlarına nəzarət edir.
Bununla yanaşı, Avropa Şurası etiraz aksiyalarının yatırılması zamanı “ciddi insan hüquqları pozuntularına görə məsuliyyət daşıyan” 15 nəfər və 6 quruma qarşı yeni sanksiyaların tətbiq edildiyini açıqlayıb. Siyahıya İranın daxili işlər naziri və baş prokuroru da daxildir.
İran tərəfi isə rəsmi məlumatlara görə, etirazlar zamanı 3 mindən çox insanın həlak olduğunu təsdiqləyib, Qərb və İsraili daxili iğtişaşları qızışdırmaqda ittiham edib. İran Silahlı Qüvvələrinin Baş Qərargahı Aİ-nin qərarını “məntiqsiz və məsuliyyətsiz” adlandıraraq, bunun İran xalqına və dövlət müstəqilliyinə açıq düşmənçilik olduğunu bəyan edib.
Ekspertlər hesab edirlər ki, bu qərar ABŞ-ın Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirdiyi və Vaşinqtonun Tehrana qarşı ritorikanı sərtləşdirdiyi bir vaxtda Avropa–İran münasibətlərində yeni və riskli mərhələnin başlanğıcıdır.