BAKI, TurkicWorld, Orxan Qədirzadə
Bölgədə hərbi balans ABŞ-ın xeyrinə dəyişir və Vaşinqtonun İrana qarşı ritorikası daha da sərtləşir.
TurkicWorld xəbər verir ki, ABŞ-ın daha bir aviadaşıyıcı zərbə qrupunu Yaxın Şərqə göndərməsi ilə regionda yerləşdirilən Amerika döyüş gəmilərinin sayı 10-a çatıb. Bu, Prezident Donald Trampın İrana qarşı mümkün hərbi addımlar üçün ciddi atəş gücü formalaşdırdığına işarə kimi qiymətləndirilir.
ABŞ rəsmisinin açıqlamasına görə, bölgədə “USS Abraham Lincoln” aviadaşıyıcı zərbə qrupu da daxil olmaqla üç esmines və “F-35C” tipli döyüş təyyarələri yerləşdirilib. Bundan başqa, Yaxın Şərqdə daha üç esmines və üç sahilyanı döyüş gəmisi fəaliyyət göstərir. Mövcud qüvvələrin miqyası ilin əvvəlində Venesuela lideri Nikolas Maduronun ələ keçirilməsi əməliyyatı ərəfəsində Karib hövzəsinə göndərilən Amerika donanması ilə müqayisə edilir.
Donald Tramp sosial media platformasında paylaşım edərək, “İrana doğru böyük bir armada hərəkət edir. Lazım gələrsə, sürət və güclə missiyasını yerinə yetirməyə hazırdır,” deyə bildirib və Tehrana saziş bağlamaq çağırışı edib. “Vaxt azalır,” – deyə o vurğulayıb.
İranın BMT-dəki nümayəndəliyi isə cavab bəyanatında ölkənin dialoqa hazır olduğunu, lakin təzyiq göstərilərsə “misli görünməmiş cavab veriləcəyini” bildirib.
Qeyd olunur ki, ABŞ hərbi gəmilərinin Yaxın Şərqə yönəldilməsi İranda iqtisadi səbəblərlə başlayan və sonradan hakimiyyət əleyhinə kütləvi etirazlara çevrilən proseslərin zorakılıqla yatırılması fonunda baş verib. Donald Tramp daha əvvəl də etirazçılara qarşı ölümcül güc tətbiq ediləcəyi təqdirdə ABŞ-ın hərbi müdaxilə variantını istisna etmədiyini açıqlamışdı.