BAKI,TurkicWorld, Orxan Qədirzadə
Vaşinqton yeni Suriya rəhbərliyinin ölkəni birləşdirmə səylərini dəstəklədiyini açıqlayıb.
TurkicWorld xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Dəməşqin Suriya Demokratik Qüvvələrinə qarşı həyata keçirdiyi əməliyyatlardan sonra sahədəki inkişaflardan məmnunluğunu ifadə edərək, Suriya Prezidenti Əhməd əş-Şəraa ilə telefon danışığı apardığını bəyan edib.
Məlumata görə, iki lider arasında baş tutan telefon danışığı Əhməd əş-Şəraanın Moskva səfəri ərəfəsində reallaşıb. Qeyd olunur ki, Moskva devrilmiş Suriya Prezidenti Bəşşar əl-Əsədin əsas siyasi dayaqlarından biri olub.
Donald Tramp jurnalistlərə açıqlamasında Əhməd əş-Şəraa ilə görüşünü yüksək qiymətləndirərək, söhbətin Suriya və regionla bağlı bütün əsas məsələləri əhatə etdiyini bildirib. ABŞ Prezidenti Suriyada proseslərin müsbət istiqamətdə irəlilədiyini və bundan məmnun olduqlarını vurğulayıb.
Trampın bu mövqeyi ABŞ Konqresindəki bəzi müttəfiqlərinin, xüsusilə senator Lindsi Qremin Suriyaya qarşı yenidən sanksiyaların tətbiqi çağırışları ilə ziddiyyət təşkil edir. Senator Qrem eyni zamanda Trampın regionda sabitliyin bərpasına töhfə verdiyini iddia edərək, Səudiyyə Ərəbistanını Suriyaya təsir imkanlarından istifadə etməyə çağırıb.
Məlumata əsasən, Suriya ordusu SDQ terror təşkilatı dəstələrinin müharibə dövründə nəzarətə götürdüyü ölkənin şimal və şərq bölgələrində nəzarəti bərpa etmək məqsədilə əməliyyatlara başlayıb. Əhməd əş-Şəraa Tramp ilə söhbəti zamanı Suriyanın ərazi bütövlüyünə, milli suverenliyinə sadiq qaldığını, dövlət institutlarının qorunması və vətəndaş barışının möhkəmləndirilməsində qətiyyətli olduqlarını vurğulayıb.
Xatırladaq ki, ABŞ uzun illər İŞİD-lə mübarizədə SDQ-ni əsas tərəfdaşlardan biri kimi dəstəkləyib. Lakin Əsəd rejiminin devrilməsindən sonra Vaşinqton Suriyada yeni hakimiyyətin ölkəni birləşdirmə cəhdlərinə dəstəyini açıq şəkildə ifadə etməyə başlayıb. ABŞ-ın Dəməşqdəki səfiri Tom Barrak da son açıqlamasında SDQ-nin İŞİD-lə mübarizədə rolunun artıq başa çatdığını bildirib.