BAKI, TurkicWorld, AzerVoice Analitik Təhlil Mərkəzi
Suriyada baş verən son hadisələr fonunda terror təşkilatları PYD/YPG-nin (PKK terror təşkilatının Suriya qolu) nəzarətində formalaşdırılmış “Suriya Demokratik Qüvvələri”nin (SDQ) gələcəyi ilə bağlı ciddi fikir ayrılıqları müşahidə olunur. Müzakirələrdə yaşanan proseslər ya regional və beynəlxalq güc balansının dəyişməsi nəticəsində yaranmış siyasi geriləmə, ya da yeni razılaşmalar ərəfəsində məcburi yenidən mövqelənmə kimi qiymətləndirilir.
Suriya hökumətinin ölkənin şimal və şərq bölgələrində geniş ərazilər üzərində nəzarəti bərpa etməsi və bununla da Prezident Əhməd əş-Şəraanın hakimiyyətini möhkəmləndirməsi PYD/YPG-nin hərbi-siyasi strukturu olan “SDQ”nin gələcəyini sual altına salıb. Təxminən 14 ay əvvəl Bəşşar Əsədin devrilməsindən sonra baş verən bu sürətli dəyişiklik ABŞ-ın Suriya siyasətindəki dönüşlə də əlaqələndirilir.
Mənbələr ABŞ daxilində yanaşmaların fərqli olmasını – beynəlxalq koalisiya komandanlığı ilə Vaşinqtonun Suriya üzrə xüsusi nümayəndəsinin mövqeləri arasındakı ziddiyyəti əsas səbəblərdən biri kimi göstərirlər.
Analitiklər bildirirlər ki, Vaşinqton son mərhələdə qeyri-dövlət silahlı aktoru olan PYD/YPG/SDQ-dən uzaqlaşaraq, beynəlxalq legitimliyə malik yeni Suriya hakimiyyəti ilə əməkdaşlığa üstünlük verir. Bu yanaşma ABŞ-ın Türkiyə ilə birbaşa qarşıdurmadan yayınmaq, eyni zamanda İsraillə regional koordinasiyanı qorumaq strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir.
Tədqiqatçılar qeyd edirlər ki, SDQ daxilində ciddi fikir ayrılıqları mövcuddur və təşkilatın qərarvermə mexanizmləri PKK rəhbərliyinin təsirindən tam azad deyil. Bu amil struktur daxilində vahid siyasi xəttin formalaşmasına mane olur.
Müşahidəçilərin böyük əksəriyyəti hesab edir ki, mövcud geosiyasi reallıqlar şəraitində PYD/YPG/SDQ üçün ən real ssenari Dəməşqlə məcburi siyasi razılaşmaya getməkdir. Bu proses təşkilat üçün ciddi güzəştlər tələb etsə də, alternativ variantlarla müqayisədə daha az riskli yol kimi qiymətləndirilir.