BAKI, TurkicWorld, Nailə Babazadə
ABŞ mərkəzli İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (HRANA) xəbər verib ki, iqtisadi problemlər səbəbindən başlayan etirazlarda həyatını itirənlərin sayı 5 min 137-ə yüksəlib.
TurkicWorld xəbər verir ki, HRANA-nın məlumatına görə, ölkənin müxtəlif bölgələrində baş verən hadisələr nəticəsində 27 min 797 nəfər saxlanılıb. Etirazlar zamanı baş verən toqquşmalarda 208 təhlükəsizlik işçisi daxil olmaqla 5 min 137 nəfər həyatını itirib.
HRANA dünən də açıqlama vermiş və ölü sayını 5 min 2 olaraq bildirmişdi.
İranın paytaxtı Tehranda 28 dekabr 2025-də milli valyutanın sürətlə dəyər itirməsi və iqtisadi çətinliklərin artması səbəbindən Ticarət Böyük Bazarı ətrafında başlanan nümayişlər ölkə üzrə yayıldı.
8 yanvarda Tehranda etirazların şiddətlənməsi nəticəsində hökumət internet bağlantısını kəsmişdi.
İran Şəhid və Qazi Fondunun Adli Tibb İdarəsi dünən açıqlama verərək bildirib ki, etirazlar zamanı təhlükəsizlik qüvvələri və mülki şəxslər daxil olmaqla 3 min 117 nəfər həyatını itirib.
Bu şəxslərdən 2 min 427-nin “silahlı terror qrupları” tərəfindən öldürülmüş təhlükəsizlik qüvvələri və mülki vətəndaşlar olduğu, 690 nəfər barədə isə məlumat verilmədiyi bildirilib.
HRANA isə ölkədə etirazların azalmasına baxmayaraq daha çox hadisəni təsdiqlədiyini bildirərək ölü və həbs sayı barədə məlumatları güncəlləməyə davam edir.






