Son dəqiqə

ABŞ İrana qarşı yeni neft sanksiyaları tətbiq etdi Vaşinqton İranla əlaqəli gəmiləri sanksiya siyahısına saldı ABŞ etirazçılara görə Tehrana təzyiqi artırır İran neftini daşıyan gəmilər ABŞ-ın hədəfində Trampın açıqlamasından sonra İrana yeni sanksiyalar ABŞ İranda etirazların yatırılmasına görə addım atdı

ABŞ İran neftini daşıyan gəmilərə və şirkətlərə sanksiyalar tətbiq edib

BAKI,TurkicWorld, Orxan Qədirzadə

ABŞ administrasiyası İranda etiraz aksiyaları zamanı nümayişçilərin öldürülməsini əsas gətirərək Tehranla əlaqəli bir sıra gəmiləri və şirkətləri sanksiya siyahısına daxil etdiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, ABŞ Dövlət Departamentinin yazılı bəyanatında bildirilib ki, bu addım İran hakimiyyətinin etirazçılara qarşı təzyiq mexanizmlərini maliyyələşdirmək üçün istifadə etdiyi maliyyə axınlarının kəsilməsi məqsədi daşıyır. Açıqlamaya əsasən, Hindistan, Oman və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla müxtəlif ölkələrdə yerləşən 9 gəmi və onlarla əlaqəli 8 şirkət yüz milyonlarla dollar dəyərində İran nefti və neft məhsullarının xarici bazarlara daşınmasında iştirak edib.

Qeyd olunub ki, sözügedən gəmilər və şirkətlər sanksiya siyahısına salınmaqla İran rəhbərliyinə təzyiq artırılır. ABŞ Maliyyə Nazirliyi də ayrıca bəyanat yayaraq, yeni sanksiyaların əsas səbəbi kimi Tehran hakimiyyətinin dinc etirazçılara qarşı zorakılığı və bu prosesi gizlətmək üçün internetin kəsilməsini göstərib.

Bu qərar ABŞ Prezidenti Donald Trampın son açıqlamaları fonunda verilib. Tramp daha əvvəl bildirmişdi ki, ABŞ donanmasının bir hissəsi region istiqamətində hərəkət edir. O, “Hər ehtimala qarşı həmin istiqamətə gedən çox sayda gəmimiz var, böyük bir donanmamız mövcuddur. Hadisələri yaxından izləyirik” deyə vurğulamışdı.

ABŞ rəsmiləri qeyd edirlər ki, Vaşinqton İranda insan haqlarının pozulması ilə bağlı mövqeyini sərtləşdirəcək və Tehran üzərində siyasi-iqtisadi təzyiqləri davam etdirəcək.