Son dəqiqə

Ərdoğan beş Balkan ölkəsinin XİN rəhbərlərini qəbul etdi İstanbulda Balkan Sülh Platforması çərçivəsində mühüm görüş Türkiyə Balkan ölkələri ilə regional əməkdaşlığı müzakirə etdi Ərdoğan: Balkanlarda həmrəylik daha da gücləndirilməlidir Balkan ölkələrinin nazirləri İstanbulda bir araya gəldi Türkiyə Balkan Sülh Platformasında fəal rol oynayır

Ərdoğan İstanbulda beş Balkan ölkəsinin xarici işlər nazirlərini qəbul edib

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Balkan Sülh Platformasının ikinci toplantısı çərçivəsində beş Balkan ölkəsindən olan yüksək səviyyəli nümayəndə heyətini qəbul edib.

TurkicWorld xəbər verir ki, qəbul zamanı Monteneqronun Baş nazirinin müavini və xarici işlər naziri Ervin İbrahimoviç, Kosovonun Baş nazirinin müavini və xarici işlər və diaspora naziri Donika Gervalla-Şvarts, Bosniya və Herseqovinanın xarici işlər naziri Elmedin Konakoviç, Şimali Makedoniyanın xarici işlər və xarici ticarət naziri Timço Mucinski, Albaniyanın Avropa və xarici işlər naziri Elisa Spiropali, eləcə də Serbiyanın xarici işlər nazirinin müavini Nevena Yovanoviç iştirak edib.

Görüşdə Türkiyə ilə sözügedən ölkələr arasında ikitərəfli münasibətlər, həmçinin regional və beynəlxalq əhəmiyyət daşıyan məsələlər müzakirə olunub. Prezident Ərdoğan Balkan Sülh Platformasının İstanbulda keçirilən ikinci toplantısından məmnunluğunu ifadə edərək, nümayəndə heyətlərinə töhfələrinə görə təşəkkür edib.

Prezident bildirib ki, sərhəd təhlükəsizliyi, enerji, texnologiya və nəqliyyat kimi strateji sahələr üzrə məsləhətləşmələr regionun gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır. O vurğulayıb ki, istişarələrin “regional sahiblənmə” yanaşması əsasında aparılması prosesin uğurunu təmin edən əsas amillərdəndir.

Dünyada və regionda mövcud olan çağırışlara toxunan Ərdoğan Balkan Sülh Platforması üzvü ölkələr arasında həmrəyliyin və qarşılıqlı anlayışın gücləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib. Türkiyənin Ukrayna, Qəzza və Suriya da daxil olmaqla müxtəlif münaqişə bölgələrində sülh yönümlü təşəbbüslərini davam etdirdiyini bildirən Prezident, Balkanlarda isə keçmişin dərslərindən çıxış edərək gələcəyə yönəlmiş yanaşmanın vacibliyini vurğulayıb.

Qəbulda Prezident Rəcəb Tayyib Ərdoğana Türkiyənin xarici işlər naziri Hakan Fidan, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhaneddin Duran, xarici siyasət və təhlükəsizlik üzrə baş müşavir Akif Çağatay Kılıç və Prezidentin müşaviri Sabri Demir də müşayiət edib.