BAKI, TurkicWorld, Orxan Qədirzadə
ABŞ-ın keçmiş rəsmisi Coş Pol İsrailin Türkiyəyə qarşı “Keyfiyyətə əsaslanan hərbi üstünlük” siyasətini genişləndirməyə çalışmasını əsassız və məntiqsiz adlandırıb.
TurkicWorld xəbər verir ki, Coş Pol açıqlamasında Türkiyənin NATO üzvü olduğunu xatırladaraq, İsrailin hərbi üstünlüyünün ABŞ və NATO-nun ümumi hərbi üstünlüyündən üstün tutulmasının qəbuledilməz olduğunu bildirib. Onun sözlərinə görə, bu yanaşma bütün NATO ölkələri üçün ciddi narahatlıq doğurmalıdır.
Pol qeyd edib ki, “Keyfiyyətə əsaslanan hərbi üstünlük” anlayışı ilkin olaraq ABŞ tərəfindən NATO-nun Rusiya qarşısındakı mövqeyini izah etmək üçün formalaşdırılıb və bu anlayış indiyədək heç vaxt NATO üzvü olan ölkələrə tətbiq edilməyib. O vurğulayıb ki, Türkiyənin bu çərçivəyə salınması ilə bağlı cəhdlər ABŞ-ın milli maraqlarından çox İsrailin Vaşinqtondakı təsirini artırmaq məqsədi daşıyır.
Keçmiş rəsmi İsrailin Türkiyəyə F-35 döyüş təyyarələrinin satışına mane olmaq üçün lobbi fəaliyyəti apardığını da xatırladıb. Onun fikrincə, Türkiyə ilə İsrail arasında indiyədək hərbi toqquşma yaşanmayıb və mövcud hüquqi çərçivə Türkiyəyə qarşı bu cür məhdudiyyətlərin tətbiqinə əsas vermir.
Pol həmçinin İsrailin Qəzzaya hücumlarının ABŞ ictimai rəyinə ciddi təsir göstərdiyini, nəticədə İsrailin Amerika cəmiyyətində geniş dəstəyi itirdiyini bildirib. O qeyd edib ki, bu proses ABŞ–İsrail münasibətlərində uzunmüddətli etimad böhranı yaradıb.