BAKI, TurkicWorld, Orxan Qədirzadə
Uqandada ümumi seçkilər gərgin təhlükəsizlik tədbirləri, müxalifətə qarşı təzyiqlər və internetin kəsilməsi fonunda başlayıb. Dörd onillikdir hakimiyyətdə olan Prezident Yoveri Museveninin səlahiyyət müddətini uzadacağı gözlənilir.
TurkicWorld xəbər verir ki, seçkilərdən öncə hökumətin göstərişi ilə mobil operatorlar ölkə üzrə ictimai internetə çıxışı dayandırıb. Səsvermə məntəqələrinin bir qismi gec açılıb, paytaxt Kampala və sərhəd şəhəri Cincada polis və ordu patrulları gücləndirilib. Müxalifət gecikmələri qəsdən təşkil olunmuş proses kimi qiymətləndirərək hökuməti seçkiyə müdaxilədə ittiham edib.
Rəsmi məlumatlara görə, seçkilərdə 21,6 milyondan çox seçici qeydiyyatdan keçib. Əhalinin təxminən 70 faizinin 35 yaşdan aşağı olduğu ölkədə işsizlik əsas problemlərdən biri olaraq qalır. Yerli mətbuat mümkün iğtişaşlar fonunda vətəndaşlara evlərini təhlükəsizləşdirməklə bağlı tövsiyələr dərc edib.
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ofisi seçkilər ərəfəsində ünsiyyət və məlumat azadlığının təmin olunmasının vacibliyini vurğulayıb. Eyni zamanda, Museveni hökuməti uzunmüddətli repressiyalar, müxalif liderlərin və tərəfdarlarının həbsi ilə bağlı tənqid olunur.
Prezident Museveniyə əsas rəqib kimi müğənni-siyasətçi Bobi Vayn çıxış edir. Onun mitinqləri tez-tez təhlükəsizlik qüvvələri tərəfindən dağıdılıb, yüzlərlə tərəfdarı saxlanılıb. Bobi Vayn seçki prosesini zorakılıq riski yüksək olan mübarizə kimi dəyərləndirib.







