BAKI,TurkicWorld, Orxan Qədirzadə
Sudanda davam edən müharibə fonunda qadın və uşaqlara qarşı cinsi zorakılıq halları ilə bağlı yeni ağır iddialar gündəmə gəlib. Məlumata görə, Çevik Dəstək Qüvvələri (RSF) üzvləri tərəfindən törədildiyi bildirilən zorlamalar sistemli xarakter alıb və qurbanlar arasında azyaşlı körpələr də yer alır.
TurkicWorld xəbər verir ki, Gezira əyalətindən paytaxt Xartuma getmək istəyən Məryəm adlı qadın (adı dəyişdirilib) Kütləvi İnformasiya Vasitələrinə verdiyi açıqlamada silahlı şəxslər tərəfindən avtomobildən endirildiyini və boş bir otaqda zorlandığını bildirib. Hadisədən sonra o, ailəsinin yanına qayıdıb.
Ailəsinin sözlərinə görə, hücum edən şəxslər RSF üzvləri olub.
Sudanın Darfur bölgəsində yerləşən əl-Faşir şəhərində də oxşar hadisələrin baş verdiyi bildirilir. Ümmü Gülsüm adlı tibb tələbəsi (adı dəyişdirilib) RSF qüvvələrinin hücumu zamanı ailə üzvlərinin öldürüldüyünü, daha sonra isə bir qrup qızın kütləvi şəkildə zorlandığını deyib.
Bu ifadələr ötən ilin noyabrında Strategic Initiative for Women in the Horn of Africa (SIHA) tərəfindən açıqlanan hesabatla üst-üstə düşür. Hesabatda 2023-cü ilin aprelindən bəri Sudanın 14 əyalətində təxminən 1300 cinsi və gender əsaslı zorakılıq faktının sənədləşdirildiyi qeyd olunur.
Məlumatlarda vurğulanır ki, zorakılıq təkcə ani hücumlarla məhdudlaşmır. Qadınların qaçırılaraq uzun müddət saxlanıldığı, məcburi əməyə və cinsi istismara məruz qaldığı bildirilir. Bəzi hallarda qadınların Sudan sərhədlərindən kənara çıxarılaraq qonşu Afrika ölkələrində satıldığı da iddia olunur.
Bu cür zorakılıqların məqsədinin icmaları sarsıtmaq və əhalini yaşadıqları ərazilərdən didərgin salmaq olduğu bildirilir.
Körpələrə qarşı zorakılıq iddiaları
Omdurman Doğum Xəstəxanasının rəhbərliyinin açıqlamasına görə, xəstəxanaya daxil olan qurbanların sayı rəsmi qeydlərdən xeyli çoxdur. Bildirilib ki, iki yaşa qədər azı 14 qız körpə zorlanıb və bu faktlar qeyri-hökumət təşkilatları tərəfindən sənədləşdirilib.
Həmçinin 11–23 yaş arası çoxsaylı qız uşağının hamiləlik səbəbilə xəstəxanaya müraciət etdiyi qeyd olunur. Bəzi hallarda tibbi müdaxilə mümkün olsa da, digər hallarda doğuşun baş verdiyi bildirilir.
UNICEF isə 2024-cü ilin əvvəlindən bəri Sudanda uşaqlara qarşı 200-dən çox cinsi zorakılıq faktının qeydə alındığını, qurbanların bəzilərinin beş yaşdan da kiçik olduğunu açıqlayıb.
Humanitar vəziyyət ağırlaşır
Cinsi zorakılıq halları Sudanda dərinləşən humanitar böhran fonunda baş verir. World Food Programme maliyyə çatışmazlığı səbəbilə yanvar ayından etibarən Sudanda ərzaq paylarını azaltmaq məcburiyyətində qalacağını bildirib. Bu isə milyonlarla insanı aclıq riski ilə üz-üzə qoyur.
Bu arada, Birləşmiş Krallıq RSF-in dörd yüksək rütbəli komandirinə kütləvi qətllər və cinsi zorakılıq iddiaları ilə əlaqədar sanksiyalar tətbiq edib.
Qurbanlar üçün isə beynəlxalq səviyyədə atılan addımlar hələlik real təsir yaratmır. Məlumata görə, zərərçəkmiş qadınların cəmiyyətə reinteqrasiyası və psixoloji dəstəyi üçün ayrılan resurslar son dərəcə məhduddur.
Qurbanların təhlükəsizliyi məqsədilə adlar dəyişdirilib.