Son dəqiqə

Almaniyada bank soyğunu Gelsenkirchen bank oğurluğu Sparkasse bank seyfləri Almaniyada iri maliyyə cinayəti bank seyf qutularının sındırılması Avropada bank oğurluqları Yeni il günlərində cinayət hadisəsi Almaniya polisinin araşdırması böyük məbləğdə pul oğurluğu bank təhlükəsizliyi Almaniya

Almaniyada bank seyflərindən 105 milyon dollara yaxın vəsait oğurlanıb

Bakı, TurkicWorld, Orxan Qədirzadə

Almaniyanın Gelsenkirchen şəhərində yerləşən pərakəndə bank filialından 105 milyon dollara yaxın vəsait oğurlanıb.

Alman polisi bildirib ki, oğurluq Sparkasse bankına məxsus seyf bölməsindən edilib.

Məlumata görə, cinayətkarlar Yeni il tətili ilə əlaqədar bankın bağlı olduğu vaxtdan istifadə edərək, binanın yaxınlığında yerləşən parkinqdən bankın daxili hissəsinə daxil olublar. Böyük ölçülü sənaye tipli burğu vasitəsilə bankın qalın beton divarını deşən şəxslər yeraltı seyf otağına keçid əldə ediblər.

Daha sonra təxminən 3 min seyf qutusu zorla açılaraq içərisindəki dəyərli əşyalar götürülüb.

Bank rəhbərliyinin açıqlamasına görə, 3 250 müştəriyə məxsus seyf qutusunun 95 faizindən çoxu naməlum şəxslər tərəfindən sındırılıb.

“Ocean’s Eleven” tipli soyğun

Polis nümayəndəsi hadisəni Ocean’s Eleven filminə bənzədərək soyğunun “son dərəcə peşəkar şəkildə” icra edildiyini bildirib.

“Bu əməliyyatın planlaşdırılması və həyata keçirilməsi üçün yüksək səviyyəli kriminal təşkilatlanma tələb olunub,” – deyə polis rəsmisi açıqlamasında deyib.

Polisin məlumatına əsasən, soyğun bazar ertəsi günü bankda yanğın siqnalizasiyasının işə düşməsindən sonra aşkar edilib. Lakin oğurluğun dəqiq olaraq hansı tarixdə törədildiyi hələlik müəyyən edilməyib.

Almaniyanın dpa xəbər agentliyi yazır ki, bu hadisə Almaniya tarixində qeydə alınmış ən böyük bank soyğunları siyahısına daxil ola bilər.

Hazırda istintaq tədbirləri davam etdirilir, şübhəli şəxslərin kimliyi ilə bağlı əlavə məlumat açıqlanmayıb.