Son dəqiqə

Ərdoğan: Bu əsrdə türk dünyasının izini qoyacağıq Türkiyə–Özbəkistan ticarət dövriyyəsi üç dəfə artıb Ərdoğan və Mirziyoyev Ankarada birgə bəyanatla çıxış edib Türkiyə və Özbəkistan 5 milyard dollarlıq hədəf qoydu Ərdoğan türk dünyasının gələcəyindən danışdı Mirziyoyev: Türkiyə yeni geosiyasi güc mərkəzidir

Ərdoğan və Özbəkistan Prezidenti birgə mətbuat konfransında çıxış edib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Türkiyə və Özbəkistan liderləri Ankara görüşünün nəticələrini yüksək qiymətləndiriblər.

TurkicWorld xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə keçirilən danışıqlardan və ikitərəfli sənədlərin imzalanması mərasimindən sonra təşkil olunan birgə mətbuat konfransında çıxış edib. Dövlət başçısı Türkiyə–Özbəkistan münasibətlərinin son illərdə əhəmiyyətli dərəcədə inkişaf etdiyini vurğulayıb.

Prezident Ərdoğan bildirib ki, son 10 il ərzində iki ölkə arasında ticarət dövriyyəsi üç dəfə artıb. Onun sözlərinə görə, yaxın perspektivdə qarşıya qoyulan 5 milyard ABŞ dolları həcmində yeni ticarət hədəfinə çatmaq mümkündür.

Türkiyə lideri qeyd edib ki, ölkələr arasında əməkdaşlıq qarşılıqlı etimada və səmimiyyətə əsaslanır. “Biz ürəkdən-ürəyə fəaliyyət göstərdiyimiz müddətdə bu əsrdə türk dünyasının öz izini qoyacağına əminik”, – deyə Ərdoğan vurğulayıb.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də çıxışında Türkiyənin beynəlxalq mövqeyinin gücləndiyini bildirib. Onun sözlərinə görə, Türkiyə artıq yalnız İslam dünyasında deyil, qlobal miqyasda da yeni geosiyasi güc mərkəzlərindən birinə çevrilir.

Mirziyoyev Türkiyənin müxtəlif sahələrdə artan təsirini və əldə etdiyi uğurları yüksək qiymətləndirərək, Ankara görüşlərinin nəticələrindən tam razı qaldığını bildirib. O, danışıqların iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşməsinə töhfə verəcəyini qeyd edib.