BAKI,TurkicWorld, Nailə Babazadə
Türkiyə və Özbəkistan azad və xüsusi iqtisadi zonalarda qarşılıqlı investisiya və texnologiya cəlb edən modellər yaratmağı hədəfləyir. Bu məqsədlə iki ölkə arasında təlim kursları, konfranslar və qarşılıqlı nümayəndə heyətlərinin səfərlərinin təşkili planlaşdırılır.
TurkicWorld xəbər verir ki, ötən həftə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə keçirdiyi görüşlər və Türkiyə-Özbəkistan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 4-cü iclası mühüm razılaşmalarla yekunlaşıb. Bu çərçivədə Türkiyənin Ticarət Nazirliyi ilə Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyi arasında azad və xüsusi iqtisadi zonalar sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
İmzalanan sənədlə iki ölkə arasında azad zonalar sahəsində uzunmüddətli əməkdaşlıq qurulacaq. Bu mexanizm qarşılıqlı mal dövriyyəsini artırmağı və hər iki ölkənin özəl sektorunu mövcud güzəştlərdən yararlanmağa təşviq etməyi nəzərdə tutur. Həmçinin fəaliyyətlərin koordinasiyası üçün xüsusi birgə işçi qrupunun yaradılması qərara alınıb.
Özbək investorlar Türkiyədəki azad zonalara sərmayə qoyduqları təqdirdə, xarici və yerli kapital fərqi qoyulmadan bütün mövcud təşviqlərdən yararlana biləcəklər. Bu addımın iki ölkə arasındakı ticarət dövriyyəsinin real potensialına çatmasına töhfə verəcəyi proqnozlaşdırılır.
Ötən il Türkiyə və Özbəkistan arasında ümumi ticarət dövriyyəsi 3,1 milyard dollar təşkil edib ki, bunun da 2,1 milyard dolları Türkiyənin ixracatının payına düşüb. Həmin dövrdə Türkiyənin azad iqtisadi zonaları ilə Özbəkistan arasında 171,5 milyon dollarlıq ticarət əməliyyatları aparılıb.
Türkiyənin Özbəkistana ixracatında dəmir-polad konstruksiyalar, avtomobillər və trikotaj məmulatları üstünlük təşkil edir. Özbəkistandan idxal edilən məhsullar arasında isə mis və mis məmulatları, pambıq və pambıq ipliyi ilk sıralarda yer alır.







