Son dəqiqə

35 ildən sonra ilk Avropa aviaşirkətinin təyyarəsi Bağdada enib Bağdad Avropa aviasiya xəritəsinə qayıdır Yunanıstan aviaşirkəti Bağdada reyslərə başlayıb Первый за 35 лет рейс европейской авиакомпании прибыл в Багдад Ирак возвращается на авиационную карту Европы Греческая авиакомпания начала полеты в Багдад First European airline flight in 35 years lands in Baghdad Baghdad reopens to European air traffic after decades Greek airline resumes flights to Iraq

35 ildən sonra Avropa aviaşirkətinin ilk reysi Bağdada enib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Avropa aviaşirkətinə məxsus ilk təyyarə 35 ildən sonra Bağdad Beynəlxalq Hava Limanına eniş edib.

TurkicWorld-un məlumatına görə, bu barədə İraqın Nəqliyyat Nazirliyi çərşənbə axşamı yaydığı açıqlamada bildirib. Qeyd olunub ki, Yunanıstanın “Aegean Airlines” aviaşirkətinin həyata keçirdiyi reys Bağdada enən ilk Avropa təyyarəsi olub.

Nazirliyin bəyanatında bu hadisənin “İraqın Avropa aviasiya xəritəsinə qayıdışını” simvolizə etdiyi və ölkənin mülki aviasiya sektorunda “bərpa mərhələsinin başlanğıcı” olduğu vurğulanıb.

Xatırladaq ki, Avropa aviaşirkətləri təhlükəsizlik səbəblərinə görə 1990-cı illərin əvvəlindən etibarən Bağdad Beynəlxalq Hava Limanına birbaşa uçuşlar həyata keçirmirdi. Bu qərar İraqın keçmiş lideri Səddam Hüseynin Küveyti işğal etməsindən sonra qəbul edilmişdi.

2003-cü ildə ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin müdaxiləsindən sonra Səddam Hüseyn hakimiyyətdən devrilib, lakin ölkə uzun illər vətəndaş müharibəsi, məzhəbi qarşıdurmalar və silahlı qruplaşmaların fəaliyyəti ilə üzləşib.

Bildirilib ki, son illərdə təhlükəsizlik vəziyyətinin nisbətən sabitləşməsi fonunda İraq hökuməti xarici investisiyaların cəlb edilməsi və iqtisadiyyatın canlandırılması istiqamətində addımlar atır.

Nazirliyin məlumatına əsasən, Bağdad-Afina-Bağdad marşrutu üzrə reyslər həftədə iki dəfə həyata keçiriləcək və tələbatdan asılı olaraq uçuşların sayının artırılması istisna edilmir.

Qeyd edək ki, “Aegean Airlines” bu ilin əvvəlində İraqın şimalındakı muxtar Kürdüstan regionunun paytaxtı Ərbilə də reyslərə başlayıb. Region təhlükəsizlik baxımından ölkənin digər hissələri ilə müqayisədə daha sabit ərazi kimi təqdim olunur.