BAKI, TurkicWorld, Orxan Qədirzadə
Avstraliyanın sabiq baş naziri Malkolm Ternbull İsrailin baş naziri Benyamin Netanyahunun Avstraliyanın daxili siyasəti ilə bağlı açıqlamalarını tənqid edərək onu bu cür mövqedən çəkinməyə çağırıb.
TurkicWorld-un məlumatına görə, Ternbull Netanyahunun Avstraliyanın Fələstin dövlətini tanıması qərarını Bondi-Biçdə baş verən silahlı hücumla əlaqələndirməsinə münasibət bildirib. Sabiq baş nazir bu fikirlərin qəbuledilməz olduğunu deyib.
Xatırladaq ki, bazar günü axşam saatlarında yəhudi Hanuka bayramı münasibətilə keçirilən tədbir zamanı ata və oğulun açdığı atəş nəticəsində 15 nəfər həlak olub. Hadisədən sonra Netanyahunun sözlərinə görə, Avstraliyanın bu ilin əvvəlində Fələstin dövlətini tanıması antisemitizmin artmasına şərait yaradıb.
Böyük Britaniyanın “Channel 4 News” telekanalına müsahibəsində Malkolm Ternbull bildirib ki, İsrail baş nazirinin bu cür şərhləri vəziyyəti daha da gərginləşdirir. Onun sözlərinə görə, Avstraliyanın daxili siyasi qərarları ölkənin öz səlahiyyətidir və xarici liderlərin bu məsələlərə müdaxiləsi doğru deyil.
Ternbull, həmçinin hazırkı baş nazir Entoni Albanizenin rəhbərlik etdiyi hökumətin avqust ayında Fələstin dövlətini tanıması qərarını dəstəklədiyini vurğulayıb və bu addımın Qəzza müharibəsi fonunda beynəlxalq ictimaiyyətin artan təzyiqləri ilə uyğunluq təşkil etdiyini qeyd edib.
Öz növbəsində, Entoni Albanize də Netanyahunun iddialarını rədd edərək bildirib ki, dünya ölkələrinin böyük əksəriyyəti Yaxın Şərqdə iki dövlətli həlli dəstəkləyir. O, Bondi hadisəsindən sonra milli birlik çağırışı edib və yəhudi icmasına dəstək göstərilməsinin vacibliyini vurğulayıb.
Baş nazir, həmçinin hücum zamanı silahlı şəxslərdən birini zərərsizləşdirən və qəhrəman kimi qiymətləndirilən Əhməd əl-Əhmədin xəstəxanada vəziyyəti ilə maraqlandığını bildirib. 2006-cı ildə Suriyadan Avstraliyaya köçən mağaza sahibi hazırda müalicəsini davam etdirir.
Albanizenin sözlərinə görə, hücumu törədən Sajid Əkrəm və oğlu Nəvidin İŞİD ideologiyasının təsiri altında olduğu müəyyən edilib.