Son dəqiqə

Balkanlarda təhlükəsizlik riski serb millətçiləri Rusiya–Ukrayna müharibəsində könüllülər Kosovo və Bosniya məsələsi Balkanlarda yeni münaqişə ehtimalı radikal millətçi qruplar Böyük Serbiya ideologiyası regional sabitlik Balkanda

Rusiya üçün döyüşən serb millətçilər Balkan yarımadasında yeni münaqişəyə hazırlaşır - The Telegraph

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Britaniyanın The Telegraph qəzeti Balkan yarımadasında 1990-cı illərin müharibələrindən sonra formalaşan yeni nəsil serb millətçilərinin regionda yeni silahlı qarşıdurmalara hazırlaşdığını iddia edib.

TurkicWorld xəbər verir ki, nəşrin yazdığına görə, Ukraynada Rusiya tərəfdən döyüşdüyünü bildirən bəzi serb millətçiləri Balkan yarımadasında - xüsusilə Kosovo və Bosniya və Herseqovinada - gələcək münaqişələr üçün ideoloji və təşkilati zəmin formalaşdırır.

Qəzet Ukrayna müharibəsində iştirak etdiyini iddia edən serb millətçilərinin sosial şəbəkə hesablarını təhlil edərək bildirib ki, yüzlərlə serb könüllü Rusiya ilə əlaqə qurmaq və onun dəstəyini qazanmaq məqsədilə münaqişə zonalarına yollanıb. İddialara görə, bu qruplar Kosovo və Bosniya və Herseqovinanı “geri almaq” ideyasını açıq şəkildə təbliğ edirlər.

The Telegraph qeyd edir ki, bəzi serb döyüşçülərin Ukraynaya maddi qazanc qarşılığında getdiyi iddia olunur. Nəşr xatırladır ki, 1992-1995-ci illərdə Bosniya və Herseqovinada, 1998–1999-cu illərdə isə Kosovoda baş vermiş müharibələr zamanı on minlərlə insan həlak olub və bu cür ritorikanın yenidən gündəmə gəlməsi regionda ciddi narahatlıq yaradır.

Xəbərdə Serb millətçisi Darko Ristiçin sosial şəbəkə paylaşımlarına istinad edilərək, onun Ukraynadakı “missiyalar” başa çatdıqdan sonra serblərin “özlərinə məxsus olanı geri almaq” üçün mübarizəyə başlayacaqları ilə bağlı çağırışlar səsləndirdiyi iddia olunur.

Məqalədə bildirir ki, gənc serblər arasında millətçi duyğular məqsədli şəkildə qızışdırılır. Onların sözlərinə görə, bu dairələrdə Rusiyanın gələcəkdə “borcunu ödəyərək” “Böyük Serbiya” ideyasının reallaşmasına yardım edəcəyinə dair geniş yayılmış inanc mövcuddur.

The Telegraph həmçinin yazır ki, sözügedən millətçi qrupların sosial mediada ciddi izləyici auditoriyası formalaşıb ki, bu da radikal ideyaların region daxilində yayılmasını sürətləndirə bilər.