BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
NATO strateji yanaşmalarını yenidən nəzərdən keçirməli, təkcə “Atlantika uğrunda döyüş” və ya Avropadakı quru əməliyyatları ilə məhdudlaşmayan, Rusiya ilə mümkün qarşıdurmalara hazır olmalıdır.
TurkicWorld xəbər verir ki, bu fikirlər NATO Hərbi Kollecinin son analitik icmalında yer alıb.
İcmalın müəllifi, kollecin tədqiqatçısı Endryu Monaqan qeyd edib ki, Rusiyanın bütün dəniz qüvvələrinin ardıcıl şəkildə inkişaf etdirilməsi Moskvanın siyasətində əsas istiqamətlərdən biridir. Onun sözlərinə görə, bu yanaşma Rusiyaya geoiqtisadi rəqabət şəraitində özünü aparıcı güc kimi təqdim etmək imkanı yaradır.
Sənəddə vurğulanır ki, bu amil NATO-nun diqqətini yenidən dirçəldilən “Atlantika uğrunda döyüş” konsepsiyasından və ya Şimal-Şərqi Avropada quru əməliyyatları ssenarilərindən kənara çıxararaq, qlobal miqyaslı, çoxcəhətli və müxtəlif xarakterli Rusiya çağırışlarına yönəldir.







