BAKI,TurkicWorld, Fərid Mikayılov
ABŞ hökuməti Venesuela sahilləri açığında sanksiyaya məruz qalmış neft tankerini ələ keçirib.
TurkicWorld xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib.
Hadisə dünya neft bazarında qiymətlərin artmasına və Vaşinqton–Karakas gərginliyinin daha da dərinləşməsinə səbəb olub.
Tramp jurnalistlərə bildirib ki, “çox böyük, hətta indiyə qədər ələ keçirilmiş ən böyük tanker” müsadirə edilib.
Venesuela hökuməti kəskin reaksiya verərək ABŞ-ı “açıq-aşkar oğurluq”da və “beynəlxalq piratlıq aktı”nda ittiham edib. Rəsmi Karakas məsələni beynəlxalq təşkilatlar qarşısında qaldıracağını açıqlayıb.
ABŞ Baş prokuroru Pam Bondi bildirib ki, FBI, Daxili Təhlükəsizlik Nazirliyi və Sahil Mühafizəsi ABŞ ordusunun dəstəyi ilə Venesuela və İran neftinin daşınmasında iştirak edən tankerin müsadirəsi üzrə orderi həyata keçirib. Onun paylaşdığı videoda iki helikopterin gəmi üzərinə enməsi və silahlı şəxslərin tankerə endiyi görünür.
Britaniyanın "Vanguard" risk idarəetmə qrupu tankerin əvvəlcə Adisa, hazırda isə Skipper adı ilə fəaliyyət göstərdiyini və çərşənbə günü Venesuela sahilləri açığında ələ keçirildiyini bildirib. Tanker əvvəllər İran mənşəli neft ticarətində iştirak etdiyinə görə ABŞ sanksiyalarına daxil edilib.
Məlumata görə, Skipper dekabrın 4–5-də Jose limanından 1,8 milyon barrel ağır Merey nefti yüklədikdən sonra Curacao yaxınlığında 200 min barrelini Kuba istiqamətində hərəkət edən “Neptune 6” tankerinə ötürüb.
Qayana dəniz administrasiyası bildirib ki, Skipper ölkənin bayrağından qanunsuz istifadə edib.
Hadisədən sonra Brent markalı xam neftin qiyməti 0,4 faiz artaraq 62,21 dollara, WTI isə 58,46 dollara yüksəlib.
Rəsmi məlumatlara görə, Venesuela ötən ay gündəlik 900 min barrel neft ixrac edib. Lakin ölkə Çin bazarında Rusiya və İranın sanksiyalı nefti ilə rəqabətə görə ciddi endirimlərlə satış həyata keçirir.






