BAKI, TurkicWorld, Orxan Qədirzadə
ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak bildirib ki, əgər İsrail Baş naziri Benyamin Netanyahunun müşaviri olsaydı, “Türkiyənin beynəlxalq barış gücünə qatılmasına mane olmamağın” ən doğru addım olacağını məsləhət görərdi.
TurkicWorld xəbər verir ki, Barrak BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçirilən konfransda Qəzza üçün nəzərdə tutulan beynəlxalq barış missiyasına Türkiyənin qoşulmasına dair açıqlama verib. ABŞ rəsmisi Vaşinqtonun Ankaranın müstəqil barış gücündə yer almasını istədiyini bildirib. O, İsrailin bu ideyaya qarşı çıxacağını da istisna etməyib.
“Dürüst olmaq lazımdırsa, Türkiyə prosesin son mərhələsində Qətərlə birlikdə hərəkət edərək Hamasla yekun görüşü həyata keçirdi və bizi xilas etdi”. - Barrak əlavə edib.
Səfir Suriya ilə bağlı sanksiyaların qaldırılması prosesinə də toxunub. O, ABŞ Konqresinin Bəşşər Əsəd dövründən qalan son sanksiyaları da ləğv edəcəyinə ümidli olduğunu deyib.
İsrail–Hizbullah gərginliyinə münasibət bildirən Barrak vurğulayıb ki, atəşkəs əldə olunmasına baxmayaraq, İsrailin Livana davam edən hücumları vəziyyəti daha da ağırlaşdırır. “Bir nəfəri öldürsəniz, onun yerinə vuruşacaq on nəfər yaranır. Bu, çıxış yolu deyil” - Barrak deyib.
O, Təl-Əvivlə Beyrut arasında birbaşa danışıqların bərpasına çağırıb.