BAKI, TurkicWorld, Orxan Qədirzadə
Suriya bir neçə gün sonra Bəşər Əsəd rejiminin süqutunun birinci ildönümünü qeyd etməyə hazırlaşır. Bu dövrdə ölkənin keçid hakimiyyəti insan haqları pozuntuları və təhlükəsizlik problemləri ilə bağlı artan tənqidlərə məruz qalır.
TurkicWorld xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığından məlumat verilib.
Bildirilib ki, keçid hökuməti ilk mərhələdə ədalətin təmin olunması üçün və itkin düşənlər üzrə komissiyalar yaradıb. Sahil bölgələrində və Süveyda əyalətində zorakılıqla bağlı araşdırma qurumları fəaliyyətə başlayıb. Bu addımlar “müsbət, lakin başlanğıc mərhələsi” kimi qiymətləndirilir.
Bununla belə, BMT son bir ildə yüzlərlə insanın edamlar, özbaşına qətllər və oğurlanmalar nəticəsində həlak olduğunu açıqlayıb. Zorakılığın qurbanları arasında azlıq qruplarının nümayəndələri və keçmiş hakimiyyətlə əlaqəsi iddia edilən şəxslər var.
Pozuntular təhlükəsizlik qüvvələri, silahlı dəstələr, keçmiş rejim qalıqları və kimliyi məlum olmayan qruplar tərəfindən törədilib. Hüquq müdafiəçiləri həmçinin özbaşına həbslər, talan, evlərin dağıdılması və söz azadlığının məhdudlaşdırılmasını sənədləşdirib.
BMT rəsmiləri toplumda nifrətin artdığını və bunun Ələvi, Druz, xristian və bədəvi icmalarına qarşı zorakılığı gücləndirdiyini vurğulayıb.
Açıqlamada İsrailin Suriya ərazisində keçirdiyi əməliyyatlar, yeni ərazilərin nəzarətə götürülməsi və Dəməşq yaxınlığında mülki itkilərlə müşayiət olunan hücumlar barədə də məlumat yer alıb.
BMT keçid hakimiyyətinə təhlükəsizlik strukturlarında düzgün yoxlama prosesinin aparılmasını tövsiyə edib. Bildirilib ki, keçmiş silahlı dəstələrin yoxlanışdan keçmədən yeni qüvvələrə inteqrasiya olunması yeni pozuntulara yol aça bilər.
Ali komissar Volker Türk bütün pozuntular üzrə müstəqil araşdırmalar aparılmasını vacib sayıb. Onun sözlərinə görə, “ədalət, sülh və təhlükəsizlik uğurlu keçidin əsas şərtləridir”.
BMT-nin İnsan Haqları Ofisi hazırda Dəməşq proqramı vasitəsilə keçid ədalətinin və hüququn aliliyinin möhkəmləndirilməsinə dəstək göstərir.