BAKI, TurkicWorld, Orxan Qədirzadə
"Bakı Metropoliteni" QSC Yaşıl və Qırmızı xətlərdə xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə martın 4-dən etibarən yeni hərəkət qrafikinin sınaqlarına başlayır.
TurkicWorld Bakı Metropoliteninə istinadən xəbər verir ki, əsas dəyişikliklər "Bakmil" stansiyası istiqamətində və əksinə hərəkət edən qatarların cədvəlində öz əksini tapacaq.
Yeni qrafikin tətbiqində əsas məqsəd günorta saatlarında sərnişin axınının mövcud tələbata uyğun tənzimlənməsidir. Sınaq müddəti ərzində "Nərimanov – Bakmil" sahəsində hərəkət edən sərnişinlər üçün yenilənmiş hərəkət cədvəli təqdim olunacaq.
Metropoliten rəhbərliyi bildirir ki, sınaqların gedişi və qatarların dəqiq hərəkət cədvəli barədə ictimaiyyətə mütəmadi olaraq əlavə məlumatlar veriləcək. Sərnişinlərdən martın 4-dən etibarən mənzil başına vaxtında çatmaq üçün yenilənmiş qrafiki nəzərə almaları xahiş olunur.



