BAKI, TurkicWorld
İnnovativ yanaşmalarla davamlı inkişaf xəttini gücləndirən Bakı Metropoliteni 2024-cü ili əhatə edən ilk “Dayanıqlılıq Hesabatı”nı hazırlayıb.
TurkicWorld xəbər verir ki, hesabat beynəlxalq Qlobal Hesabat Təşəbbüsü standartlarına uyğun tərtib olunub və müəssisənin şəffaflıq, hesabatlılıq və uzunmüddətli inkişaf prinsiplərinə sadiqliyini əks etdirir. Sənəddə korporativ idarəetmə, əməkdaşların sosial rifahı, təhlükəsizlik, sərnişinlərə göstərilən xidmətin keyfiyyəti, eləcə də ətraf mühit, sosial və idarəetmə sahələrində görülən işlər yer alıb.
Məlumata görə, şəhər nəqliyyatında dayanıqlılığın artırılması Bakı Metropoliteninin əsas prioritetlərindəndir. Bu çərçivədə 2024-cü ildə metro şəbəkəsi ilə 230 milyona yaxın sərnişinə xidmət göstərilib, təhlükəsiz və fasiləsiz hərəkətin təmin olunmasına xüsusi diqqət yetirilib.
Qəbul edilmiş Dövlət Proqramına uyğun olaraq, 2030-cu ilədək metropoliten şəbəkəsinin genişləndirilməsi, xətlərin uzadılması və 10 yeni stansiyanın inşası nəzərdə tutulur. Bu addımlar paytaxtın ictimai nəqliyyat sisteminin səmərəliliyinin artırılmasına və dayanıqlı inkişafına xidmət edəcək.
Rəqəmsal yeniliklər çərçivəsində metropolitenin bütün stansiyalarında kvadrat kod əsaslı ödəniş sisteminin tətbiqi sərnişinlər üçün səfərlərin daha sürətli və rahat təşkilinə imkan yaradıb. Bu yanaşma xidmətlərin əlçatanlığını və istifadəçi yönümlülüyünü artırıb.
Ətraf mühitin qorunması və enerji səmərəliliyinin yüksəldilməsi istiqamətində də mühüm nəticələr əldə olunub. Stansiyalarda müasir və qənaətli işıqlandırma sistemlərinin tətbiqi enerji istehlakının optimallaşdırılmasına və ekoloji məsuliyyətin gücləndirilməsinə töhfə verib.
Bakı Metropolitenində sistemli hesabat mexanizminin formalaşdırılması məlumatların toplanması və idarə olunmasının təhlilinə şərait yaradaraq, inkişaf potensialı olan sahələrin müəyyənləşdirilməsinə imkan verib. Qurumdan bildirilib ki, təqdim olunan “Dayanıqlılıq Hesabatı” gələcək illərdə bu istiqamətdə fəaliyyətin daha da təkmilləşdirilməsi üçün etibarlı əsas olacaq.




