BAKI, TurkicWorld, Orxan Qədirzadə
Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Baş katibi Casim Məhəmməd əl-Budeyvi İranın KƏŞ ölkələrinə qarşı davam edən hərbi təcavüzünü ən kəskin şəkildə pisləyən rəsmi bəyanat yayıb.
TurkicWorld xəbər verir ki, Riyad şəhərindəki Baş Katiblikdən verilən açıqlamada İranın mülki obyektləri və diplomatik missiyaları hədəf alması "qorxaqca və xaincə hücum" kimi qiymətləndirilib.
Baş katib İranın Səudiyyə Ərəbistanı və Küveytdəki ABŞ səfirliklərini, həmçinin Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Oman və Qətərdəki mülki və yaşayış binalarını hədəf almasını beynəlxalq hüququn və BMT konvensiyalarının kobud şəkildə pozulması adlandırıb. Əl-Budeyvi qeyd edib ki, bu hücumlar Tehranın regionda təhlükəsizliyi və sabitliyi pozmaq istiqamətindəki bəd niyyətlərinin aşkar sübutudur.
Bəyanatda vurğulanıb ki, Körfəz ölkələrinin ərazilərinə edilən hücumlar heç bir bəhanə ilə qəbul edilə bilməz və İran öz "barbarca" hərəkətlərini dərhal dayandırmalıdır. Casim Məhəmməd əl-Budeyvi bütün KƏŞ üzv dövlətlərinin öz suverenliyini, təhlükəsizliyini və milli maraqlarını qorumaq üçün İranın təcavüzünə qarşı vahid cəbhədə birləşdiyini və həmrəy olduğunu bəyan edib.