BAKI,TurkicWorld, Nailə Babazadə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən 152-ci Parlamentlərarası Birlik Baş Assambleyasında çıxışı zamanı İsrailin bölgədə həyata keçirdiyi hərbi əməliyyatları və beynəlxalq hüquq normalarına tabe olmamasını sərt tənqid edib.
TurkicWorld xəbər verir ki, dövlət başçısı İsrail hökumətini həm öz xalqı, həm Fələstin, həm də bütün region üçün sülh və hüzur yolundakı ən böyük maneə adlandırıb.
Prezident Ərdoğan beynəlxalq ictimaiyyətin bütün cəhdlərinə baxmayaraq, İsrailin hücumlarının dayandırıla bilməməsinin qlobal sistemdə dərin bir legitimlik böhranı yaratdığını vurğulayıb. O, son iki ayda dünyanın diqqətinin digər bölgələrə yönəldiyi bir vaxtda, İsrailin Fələstin və Livanda minlərlə insanın ölümünə, 1 milyondan çox insanın isə yurdundan didərgin düşməsinə səbəb olduğunu qeyd edib.
Xüsusilə 12 oktyabr 2025-ci il tarixində imzalanan atəşkəsdən sonrakı dövrə diqqət çəkən Ərdoğan, İsrail qüvvələrinin bu müddət ərzində 755 fələstinlini qətlə yetirdiyini və 2100 nəfəri yaraladığını bildirib. O, 7 oktyabr 2023-cü ildən bəri ümumi itkilərin 73 mini keçdiyini xatırladaraq, bölgədə ədalətli və qalıcı sülhün tək yolunun iki dövlətli həll variantının dərhal həyata keçirilməsi olduğunu bəyan edib. Prezident dünya parlamentarilərini bu istiqamətdə güclərini birləşdirməyə çağırıb.






