BAKI, TurkicWorld, Orxan Qədirzadə
Yaxın Şərqin ən mürəkkəb demoqrafik quruluşuna malik ölkələrindən biri olaraq qəbul edilən Livanda çoxsaylı etnik və dini icmalar yanaşı yaşayır. Əhalinin əksəriyyəti ərəb mənşəli olsa da, ölkədə yunanlar, ermənilər və digər etnik köklərə bağlı qruplar da mövcuddur. Livanın daxilində hansı din və məzhəblərin bir arada mövcud olduğu sualı xüsusilə son aylarda bölgədə artan gərginlik fonunda yenidən aktuallaşıb.
Təxminən 6 milyon nəfərlik əhalisi olan Livanın nüvəsi əsasən üç böyük icmadan formalaşır: sünni ərəblər, şiə ərəblər və maroni katoliklər. Ümumilikdə ölkə əhalisinin təqribən üçdə biri sünni müsəlmanlardan, üçdə biri şiələrdən, üçdə biri isə müxtəlif xristian icmalarından ibarətdir. Bu müxtəliflik Livanı Yaxın Şərqin ən çoxkonfessiyalı dövlətlərindən birinə çevirir.
Rəsmi məlumatlara görə, Livanda 18 dini inanc və məzhəb dövlət tərəfindən tanınır. Bu sistem ölkənin siyasi, inzibati və ictimai həyatında mühüm rol oynayır və hər bir dini icmanın dövlət strukturlarında özünəməxsus təmsilçiliyi mövcuddur.
Ölkədə etnik-dini bölgü aşağıdakı kimi formalaşır: sünni ərəblər, şiə ərəblər, şiə ismaililər, nusayrilər (ərəb ələvilər), dürzilər, maroni katoliklər, yunan pravoslavlar, yunan katoliklər, müxtəlif xristian qrupları və erməni icmaları (apostolik, katolik və digər məzhəblər).
Bundan əlavə, Livanda qədim tarixə malik türkman toplumu da mövcuddur. Onlar iki əsas qrupdan ibarətdir və hər ikisi türk xalqlarının oğuz qoluna mənsubdur. Livan və Suriya vətəndaşı olan türkmanlar — dövlət tərəfindən “türkman” kimi tanınan icma — Azərbaycan dilinin ləhcələrinə yaxın ləhcələrdə danışırlar. Türkman əhalisi əsasən Akkar bölgəsində (Kavaşra və Aydamun kəndləri) və Bəqaa düzündə, xüsusilə Baalbek ətrafında yaşayır. Akkar və Baalbekdə ümumilikdə təxminən 9 min nəfərə yaxın yerli türkman əhalisi olduğu bildirilir. Bundan başqa, 1900–1910-cu illərdə Krit adasından Trablusa köçürülmüş türk icmasının sayı tarixi mənbələrdə təxminən 10 min göstərilir. Ölkədə həmçinin Suriya müharibəsi səbəbilə Trablus və Beyruta köç etmiş türkmənlər və 20 minə yaxın Türkiyə vətəndaşı olan türk icması da yaşayır.
Sünni icması İslamın ən böyük qollarından biri olaraq Livanda mühüm mövqe tutur və müxtəlif fiqh məktəblərini özündə birləşdirir. Şiə icması isə əsasən İsnə Əşəriyyə (12 imamçı) ənənəsinə bağlıdır və Livan parlamentində spiker vəzifəsinin məhz bu məzhəbin üzvlərinə həvalə edilməsi tarixi milli razılaşma – “Milli Pakt” ilə müəyyən olunub.
Nusayrilər (ərəb ələviləri) və ismaililər kimi daha kiçik məzhəb qrupları da Livanın dini müxtəlifliyinə daxil edilir. XI əsrdə formalaşmış xüsusilə gizli ibadət ənənələri ilə seçilən dürzilər həm Livanda, həm də regionun digər ölkələrində yaşayır və öz dini fəlsəfələrini daha çox qapalı şəkildə qoruyub saxlayırlar.
Livanda böyük və tarixi köklərə malik xristian icmaları arasında maroni katoliklər xüsusi yer tutur. Maruni icması ölkənin siyasi sistemində mühüm mövqeyə malikdir və konstitusiyaya əsasən Livan Respublikasının prezidenti məhz maroni xristianlardan seçilir. Yunan pravoslav və yunan katolik (melkan) icmaları isə xüsusilə Beyrut, Trablus, Kura, Akkar və cənub-şərq bölgələrində yaşayır.
Ölkədə protestant icması da fəaliyyət göstərir və daha çox missioner ənənələrinə əsaslanır. Eyni zamanda Livanda erməni apostolik və erməni katolik icmaları mövcuddur. Ölkədə hazırda təqribən 177 min erməninin yaşadığı ehtimal edilir.
Livanda süryani katolik, süryani ortodoks, keldani katolik və digər Şərq xristian ənənələrinə bağlı icmalar da mövcuddur. Bu qrupların böyük hissəsi etnik-sami köklü süryanilərdir və qədim arami dilini yaşadan dini ənənələri qoruyurlar.
Ölkədə həmçinin kiçik yəhudi icması mövcuddur. XX əsrin ortalarına qədər daha geniş sayda olan Livan yəhudilərinin böyük hissəsi İsrailin 1982-ci ildə Livana müdaxiləsi və ölkədaxili müharibədən sonra kütləvi şəkildə miqrasiya edib. Hazırda Livanda təxminən 20–40 nəfərlik yəhudi icmasının qaldığı bildirilir.
Livanda bu dərəcədə geniş və mürəkkəb dini müxtəliflik həm ölkənin siyasi strukturunda xüsusi təmsilçilik mexanizmlərini formalaşdırıb, həm də cəmiyyət həyatında konfessional tarazlığı həlledici amillərdən birinə çevirib.