BAKI, TurkicWorld
Kanadanın qərb və mərkəzi bölgələrində alovlanan güclü meşə yanğınları ölkə tarixində ən genişmiqyaslı fəlakətlərdən birinə çevrilib.
TurkicWorld xəbər verir ki, artıq 160-dan çox yanğın qeydə alınıb və onların təxminən yarısı nəzarətdən çıxıb.
Milli Fövqəladə Hallara Hazırlıq Səviyyəsi ölkə üzrə maksimum – 5-ci səviyyəyə qaldırılıb. Yanğınlar nəticəsində yalnız Manitobada Flin Flon, Pimicikamak Cree Nation, Cross Lake və Mathias Colomb Cree Nation kimi icmalardan 17 min nəfər təxliyə olunub. Baş nazir Vab Kinev bunun "xatırlanan ən böyük evakuasiya" olduğunu bildirib.
Tüstü və kül dumanları ABŞ-a doğru irəliləyir. Elmi modelləşdirmə göstərir ki, tüstü kütlələri Green Bay, Milwaukee, Çikaqo və Detroit də daxil olmaqla ABŞ-ın yuxarı Midwest və Great Lakes şəhərlərinə yayılacaq. Minnesota və Miçiqan ştatlarında hava keyfiyyətinin sağlamlıq üçün zərərli səviyyəyə çatacağı barədə xəbərdarlıqlar verilib.
Tüstü aşağı və orta atmosfer qatlarında havanı zəhərləyə, görünüş məsafəsini azalda bilər. Yuxarı atmosferdə isə günəş işığının qarşısını alaraq qeyri-adi gün batması və günəş çıxması mənzərələrinə səbəb ola bilər.
Qeyd edək ki, 2023-cü il Kanada tarixində ən dağıdıcı meşə yanğınları ilə yadda qalıb. O dövrdə 45 milyon hektardan çox ərazi yanıb. Bu il isə artıq 1,58 milyon akr sahə alışıb – bu da son 10 ilin ortalamasından 40 faiz çoxdur. Səlahiyyətlilər iqlim dəyişikliyinin yanğınların daha tez-tez və intensiv baş verməsinə səbəb olduğunu, bu yay milyonlarla insan üçün tüstü ilə dolu günlərin gözlənildiyini bildirirlər.







