Bakı, TurkicWorld
Yaponiyanın Okayama və Ehime prefekturalarında baş verən meşə yanğınları sürətlə geniş əraziyə yayılaraq ciddi təhlükə yaradıb və ən azı 893 nəfər üçün təxliyə xəbərdarlığı edilib, ümumilikdə 355 hektar ərazi külə dönüb.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, quru hava şəraiti və güclü küləklər alovun sürətlə yayılmasına səbəb olub.
Okayama prefekturasında 250 hektar meşə sahəsi yanaraq məhv olub. 6 tikili zədələnib və 403 təsərrüfatın sakinlərinə təxliyə əmri verilib.
Ehime prefekturasında isə yanğın 105 hektarlıq meşə sahəsini külə çevirib. Ehtiyat tədbiri olaraq bəzi yerli qatarların hərəkəti dayandırılıb, bəzi magistral yollar isə bağlanıb.
Okayama və Ehime prefekturaları Yaponiya Özünümüdafiə Qüvvələrindən (SDF) dəstək istəyib. Yanğınsöndürənlərlə birlikdə SDF personalı alovla mübarizəyə qoşulub.
Qeyd edək ki, Fevralın 26-da Yaponiyanın İvate prefekturasında baş verən meşə yanğını nəticəsində bir nəfər həyatını itirmiş, 171 tikili zədələnmiş və 2900 hektar ərazi məhv olmuşdu. Sözügedən yanğın 12 gün sonra nəzarətə götürülə bilmişdi.
Yaponiyanın müvafiq qurumları yanğınların qarşısını almaq üçün fövqəladə tədbirləri davam etdirir.