BAKI, TurkicWorld
Mərakeşin Kaç Kuş bölgəsində eramızdan əvvəl 2200-600-cü illərə aid olan ilk Tunc dövrü yaşayış məskəni tapılıb.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki , bu kəşf, Finikiyalılar gəlməzdən əvvəl bölgədə məskunlaşma, əkinçilik və mədəni qarşılıqlı əlaqələrin mövcud olduğunu sübut edir.
Məğrib tarixində mühüm rol oynayan bu arxeoloji tapıntı, Barselona Universitetindən Həmzə Benattia Melqarejonun rəhbərlik etdiyi tədqiqat qrupu tərəfindən aşkar edilib. Antiquity jurnalında dərc olunan araşdırmaya görə, Kach Kouch bölgəsində aparılan qazıntılar bu ərazinin Misirdən kənarda Aralıq dənizi Afrikasında məlum olan ən erkən yaşayış məskənlərindən biri olduğunu göstərir.
Qazıntılar zamanı nələr tapılıb?
Tədqiqatçılar məskunlaşmanın üç əsas mərhələsini müəyyən ediblər:
E.ə. 2200-2000:İlk oturaq həyat izləri – Pireney yarımadasına keçidlə bağlı sübutlar.
E.ə. 1300-900: Kənd təsərrüfatı cəmiyyətinin inkişafı – taxta-kerpiç evlər, qayaya oyulmuş siloslar və kənd təsərrüfatı alətləri.
E.ə. 800-600: Şərqi Aralıq dənizindən gələn mədəni təsirlər – icmanın mübadilə şəbəkələrində fəal iştirak etdiyini göstərən artefaktlar.
Bu kəşf, uzun müddət Finikiyalıların gəlişinə qədər "boş torpaq" hesab edilən Məğribin əslində zəngin tarixə malik olduğunu sübut edir. Melqarejo qeyd edir ki, “Kaç Kuş yaşayış məntəqəsi, Məğribdə uzunmüddətli məskunlaşmanın ən yaxşı sənədləşdirilmiş nümunələrindən biridir və regionun Aralıq dənizinin sosial, mədəni və iqtisadi şəbəkələrində fəal iştirak etdiyini göstərir.”