Bakı, TurkicWorld
Hindistan 1,4 milyard əhalisi ilə dünyanın ən sıx məskunlaşan ölkələrindən biri olsa da, yeni bir hesabata görə, bu insanların bir milyarda yaxını gümdəlik xərcləyə biləcək gəlirə malik deyil.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki , ölkənin istehlak sinfi cəmi 130-140 milyon nəfərlə məhdudlaşır və bu, Meksikanın bazar həcminə bərabərdir.
Hesabat Hindistanda böyüyən orta sinifdən daha çox sərvət bərabərsizliyinin dərinləşdiyini ortaya qoyur. Varlıların sayı artmır, əksinə, mövcud imkanlılar daha çox sərvət toplayır.
Bu tendensiya “premium” məhsullara olan tələbatın artmasına və istehsalçıların kütləvi istehlak məhsulları yerinə dəbdəbəli məhsullara yönəlməsinə səbəb olub.
Xüsusilə ultra lüks mənzillərin və bahalı smartfonların satışları artdığı halda, sərfəli mənzil və ucuz telefon modellərinin bazar payı azalır. Beş il əvvəl Hindistanda sərfəli mənzillər bazarın 40%-ni təşkil edirdisə, bu göstərici hazırda cəmi 18%-dir.
İstehlak xərcləri əsasən kredit kartları və asan maliyyələşdirmə variantları ilə dəstəklənir. Ancaq Hindistan Ehtiyat Bankının təminatsız kreditlərə məhdudiyyətlər tətbiq etməsi istehlakın gələcəyi ilə bağlı narahatlıqları artırır.
Bu kreditlər xüsusilə COVID-19 pandemiyasından sonra iqtisadiyyatın bərpasına mühüm töhfə verib. Qısamüddətli perspektivdə kənd təsərrüfatı sektorunda artan tələbat və hökumətin 12 milyard dollarlıq vergi endirimləri istehlakı bir qədər artırsa da, uzunmüddətli risklər hələ də qalır.
Marcellus İnvestisiya Menecerləri tərəfindən aparılan araşdırmaya görə, Hindistanda vergi ödəyən əhalinin orta 50%-i son on ildə real gəlir artımı görməyib.
İnflyasiya nəzərə alındıqda bu qrup real gəlirlərinin yarısını itirib. Eyni zamanda, ofis və katibə işlərinin süni intellekt tərəfindən avtomatlaşdırılması ağ yaxalı işçilərin məşğulluq imkanlarını azaldıb.
Bu vəziyyət xidmət sektorunu və ümumilikdə Hindistanın istehlaka əsaslanan iqtisadi modelini təhdid edə bilər. Hökumət də iqtisadi hesabatlarında işsizlik və gəlir bərabərsizliyinin ölkənin makroiqtisadi sabitliyinə təsir edə biləcəyini vurğulayır.
Ölkədə orta təbəqənin azalması və gəlir bərabərsizliyinin dərinləşməsi iqtisadiyyatın gələcək inkişafı ilə bağlı qeyri-müəyyənliyi artırır.
Hindistan istehlak yönümlü iqtisadiyyat olduğu üçün orta sinfin azalması makroiqtisadi tarazlıqlara ciddi təsir edə bilər. Bu səbəbdən, həm hökumət, həm də investorlar ölkədə gəlir bölgüsünün və istehlak davranışlarının necə dəyişəcəyini yaxından izləyir.