Bakı, TurkicWorld
İraq Kürd Regional Rəhbərliyinin (KRG) prezidenti Neçirvan Bərzani, PKK-nı silahı yerə qoymağa və Türkiyə hökuməti ilə dialoqa başlamağa çağırıb.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki , Bərzani Türkiyədə kürd məsələsinin həlli istiqamətində aparılan yeni təşəbbüslərdən bəhs edib.
"Türkiyədə ciddi bir proses başlayıb. Ötən müddətdə Ankarada bu məsələ ilə bağlı çoxlu görüşlər keçirdik. İnanırıq ki, bu proses ciddidir və Türkiyədə yaşayan türklər, kürdlər və cəmiyyətin bütün təbəqələri üçün yaxşı nəticələr doğuracaq." - deyə o bildirib.
"Öcalanın mesaj göndərməsini gözləyirik. Düşünürəm ki, onun mesajından sonra PKK və digər güclər bunu müsbət qarşılamalıdır. Kürdlərin Öcalanın mesajına müsbət yanaşmasını vacib hesab edirəm." - deyə o, prosesin gedişatının Abdullah Öcalanın verəcəyi mesajdan asılı olduğunu vurğulayıb.
Bərzani PKK-nın silahlı fəaliyyətinin artıq həll yolu olmadığını bildirib və silahın yerə qoyulmasının təslim olmaq anlamına gəlmədiyini vurğulayıb.
"Proses açıqdır. PKK silahlarını yerə qoymalıdır. Bu, təslim olmaq demək deyil. Bu, o deməkdir ki, Türkiyədə kürdlərin heç bir problemini silah və silahlı mübarizə həll etməyəcək. Əgər bir problem varsa, bu, dialoq yolu ilə həll edilməlidir." - deyə o bildirib.
Bərzani KRG-nin bu prosesə dəstək verməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, Türkiyə onillərdir ki, PKK-nı terror təşkilatı hesab edir və onunla mübarizə aparır. Ankara bu mübarizəni həm ölkə daxilində, həm də İraqın şimalında və Suriyada davam etdirir.