Bakı, TurkicWorld
Misirin xarici işlər naziri Bədr Abdulati və BMT-nin Qəzzaya humanitar yardım və yenidənqurma üzrə baş koordinatoru Siqrid Kaaq Qahirədə görüş keçiriblər.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, görüşdə Misirin Qəzza zolağının yenidən qurulması ilə bağlı beynəlxalq konfransa hazırlıqları müzakirə olunub.
Bu görüş İki Dövlətli Həllin Həyata Keçirilməsi üzrə Beynəlxalq Koalisiyanın dördüncü iclası çərçivəsində baş tutub.
Misir Xarici İşlər Nazirliyinin bəyanatına görə, görüşdə Qəzza zolağının bərpası və beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq məsələləri diqqət mərkəzində olub. Nazir Bədr Abdulati Misirin hazırladığı erkən bərpa və yenidənqurma planının müxtəlif mərhələləri və vaxt qrafiki barədə məlumat verib.
Bəyanatda həmçinin vurğulanıb ki, Misir Qəzza sakinlərinin köçürülmədən yenidən qurulmasını dəstəkləyir və ABŞ-ın fələstinlilərin qonşu ölkələrə yerləşdirilməsi planını qəti şəkildə rədd edir.
Qeyd edək ki, Nazir Abdulati BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini ilə də görüş keçirib. Görüş zamanı Qəzza zolağının humanitar və infrastruktur ehtiyacları , bərpa prosesinin müddəti və təxmini dəyəri və hazırkı dağıntıların miqyası müzakirə edilib.