Bakı, TurkicWorld
Tayvan adası ətrafında 34 Çin hərbi təyyarəsi və 16 hərbi gəminin müşahidə edilib.
TurkicWorld xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi kritik bir açıqlama verib.
Açıqlamada, Çin hərbi təyyarələrinin Tayvanın "Hava Hücumundan Müdafiə Tanıma Zonası" elan etdiyi ərazinin şimal, cənub-qərb və şərq hissələrində uçuşlar etdiyi qeyd olunub. Bununla yanaşı, adanın ətrafında Çin donanmasına aid 16 döyüş gəmisi də aşkarlanıb.
Nazirlik, həftənin əvvəlində paylaşdığı başqa bir açıqlamada, Çin Xalq Azadlıq Ordusunun Tayvan Boğazı ətrafında fəaliyyət göstərdiyini və Çin donanmasının Şərq, Şimal və Cənub Cəbhəsi Komandanlıqları ilə birlikdə bölgədə hərbi manevrlər keçirdiyini qeyd edib. Çin qüvvələrinin həmçinin Qərbi Sakit Okeandakı sularda da fəaliyyət göstərdiyi bildirilib.
Tayvan Müdafiə Nazirliyi hərbi hərəkətliliyin ada ətrafında genişmiqyaslı təlimlərə işarə edə biləcəyini ehtimal edir.
Bu hadisə, Tayvan lideri Lai Çinq-tenin keçən həftə Sakit okean adalarına (Marşal adaları, Tuvalu və Palau) və ABŞ-ın Havay və Quam adalarına səfər etməsinə Çinin reaksiyası kimi göstərilir.
Qeyd edək ki, 1949-cu ildən de-fakto müstəqil olan Tayvanı öz ərazisinin ayrılmaz hissəsi hesab edən Çin, adanın materiklə birləşdirilməsi üçün zəruri hallarda güc tətbiqini istisna etmədiyini dəfələrlə vurğulayıb. Son illərdə Pekin administrasiyası Tayvana qarşı hərbi təzyiqlərini artıraraq, bölgədə gərginliyi yüksəldib.