Bakı. TurkicWorld:
Filippində Kanlaon vulkanının püskürməsindən sonra təxminən 87 min nəfərin təxliyəsi başlayıb.
TurkicWorld xəbər verir ki, bu barədə Filippin Mülki Müdafiə İdarəsinin açıqlamasında bildirilir.
Qeyd edilib ki, vulkanın qərb və cənub yamacına ən yaxın bölgələrdə yerləşən qəsəbə və kəndlərdə təcili toplu təxliyə həyata keçirilib.
Vulkan ətrafındakı 6 kilometrlik "təhlükə zonasından" təxminən 47 min nəfərin artıq təxliyə edildiyi, ümumi təxliyə prosesinin isə təxminən 87 min nəfəri əhatə edəcəyi qeyd olunub.
Məlumata görə, Negros adasında yerləşən Kanlaon vulkanının püskürməsi nəticəsində insan itkisi qeydə alınmayıb.
Filippin Vulkanologiya və Seysmologiya İnstitutu dünən Kanlaon vulkanının püskürdüyünü və 3 min metr hündürlüyə kül püskürdüyünü açıqlayıb.
Qeyd edək ki, Kanlaon vulkanı bu ilin iyun ayında da fəallaşmış, 6 dəqiqəlik püskürmə zamanı 5 min metr hündürlüyündə tüstü və kül sütunu meydana gəlmişdi.