Bakı. TurkicWorld:
Azərbaycan və Ermənistan arasında sülh münasibətləri bütün region üçün əhəmiyyətlidir.
TurkicWorld xəbər verir ki, bunu bu gün Gürcüstanın sabiq prezidenti vəzifələrini icra edən Nino Burcanadze XIII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
"Bu gün münasibətlərin tamamilə fərqli səviyyədə olmasını alqışlayıram və arzulayıram ki, onlar bundan sonra da möhkəmlənsin, sabit və sülh yönümlü olsun. Bu, əlbəttə ki, yalnız Azərbaycan və Ermənistana deyil, həm də Gürcüstan üçün və ümumilikdə bütün region üçün böyük fayda gətirəcək. Buna görə də səmimi qəlbdən arzulayıram ki, bu münasibətlər dinamik və sülh şəraitində inkişaf etsin", - Burcanadze bildirib.
Onun sözlərinə görə, forumda çox mürəkkəb proseslər, o cümlədən hazırda İranda və onun ətrafında baş verən hadisələr, eləcə də bütövlükdə regiondakı vəziyyət müzakirə olunacaq.
O vurğulayıb ki, dünyaya sülh lazımdır və mövcud vəziyyətin mürəkkəbliyinə baxmayaraq, münaqişəni mümkün qədər tez başa çatdırmağa və uzunmüddətli sülh üçün əsas yaratmağa imkan verəcək həllin tapılması vacibdir.







