Bakı. TurkicWorld
İsrailin baş naziri Benyamin Netanyahu Suriyanın sabiq prezidenti Bəşər Əsədin devrilməsini İsrailin Livanda İran və Hizbullaha yönəltdiyi zərbələrdən sonra baş verənləri “tarixi gün” kimi qiymətləndirib.
TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, o, Suriya ilə sərhədə yaxın bölgəyə səfəri zamanı İsrail qüvvələrinə bufer zonada yerləşən ərazilərə nəzarət etmək, İsrailin təhlükəsizliyini təmin etmək əmri verib.
“Biz heç bir düşmən qüvvənin sərhədlərimizdə yerləşməsinə icazə verməyəcəyik”-deyə o bildirib.
Qeyd edək ki, bu gün sübh çağı, “Heyət Təhrir əş-Şam”ın lideri Əbu Məhəmməd əl-Culani döyüşçülərini dövlət qurumlarına yaxınlaşmamağa çağıraraq, qurumların “rəsmi olaraq keçmiş baş nazirin nəzarəti altında qalacaqlarını” vurğulayıb.
“Dəməşq şəhərindəki bütün hərbi qüvvələrə ciddi şəkildə keçmiş baş nazirin nəzarətində qalacaq dövlət qurumlarına yaxınlaşmaq qadağandır. Rəsmi olaraq təhvil verilənə qədər, havaya güllə atmaq da qadağandır”-deyə o bildirib.
Qeyd edək ki, bu gün səhər saatlarında Silahlı müxalifət Əsəd hakimiyyətinə son qoyub.
İranın uzun illər “Şiə Ayparasının” ayrılmaz hissəsi hesab etdiyi Suriyada 54 illik ailə hakimiyətinə son qoyuldu və Dəməşq silahlı müxaliflərin nəzarətinə keçdi. Bu gün səhər saatlarında silahlı fraksiyalar Dəməşqə daxil olduqlarını elan etdikdən qısa müddət sonra Suriya ordusu komandanlığı rejimin süqutu barədə zabitləri məlumatlandırıb.
Suriya ordusunun iki yüksək rütbəli zabiti isə Əsədin ölkəni tərk etdiyini açıqlayıb. Əsəd ölkənin naməlum istiqamətdə tərk edib.
Onun Rusiyada, İranda və hətta BƏƏ-də olduğu ehtimalı da var.
Şahidlərin bildirdiyinə görə, minlərlə suriyalı piyada Dəməşqin əsas meydanına toplaşaraq azadlıq şüarları səsləndiriblər.
Bir neçə saat əvvəl Suriya fraksiyaları bazar günü səhər tezdən bir günlük döyüşlərdən sonra mühüm Hums şəhəri üzərində tam nəzarət etdiklərini elan edərək, Əsədin 24 il davam edən hakimiyyətini təhdid etdilər.