Son dəqiqə

Avropa İttifaqı Şimali Koreya Cənubi Koreya

Aİ və Cənubi Koreya Şimali Koreyanın Rusiyaya qoşun göndərməsini qınayıb

Bakı, TurkicWorld

Avropa İttifaqı (Aİ) və Cənubi Koreya Şimali Koreyanın Rusiyaya qoşun göndərməsini kəskin şəkildə tənqid edib.

TurkicWorld məlumat verir ki, Cənubi Koreya Müdafiə Nazirliyi, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin Seulda müdafiə naziri Kim Yonq-hyun ilə görüşdüyünü açıqlayıb.

Görüş zamanı tərəflər, Rusiya və Şimali Koreya arasında hərbi əməkdaşlığın qarşısını almaq üçün beynəlxalq ictimaiyyətlə koordinasiyalı şəkildə sıx əməkdaşlıq etməyə razılaşıblar.

Borrell və Kim, Şimali Koreyanın Rusiyaya qoşun göndərməsindən ciddi narahat olduqlarını bildirərək, bu hərəkəti qətiyyətlə pisləyiblər. Onlar həmçinin, Avropanın və Atlantikanın təhlükəsizliyinin Hind-Sakit Okean hövzəsinin təhlükəsizliyi ilə bağlı olduğu fikrini paylaşaraq, Cənubi Koreya ilə Aİ arasında təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsini davam etdirmək barədə razılığa gəldiklərini qeyd ediblər.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin iyun ayında Şimali Koreyaya rəsmi səfər edərək, iki ölkə arasında “hərtərəfli strateji tərəfdaşlıq sazişi” imzalamışdı. Bu, Rusiya və Şimali Koreya arasındakı münasibətlərin daha da dərinləşdiyini göstərir.

Ukrayna prezidenti Vladimir Zelenski isə, oktyabrın 25-də verdiyi açıqlamada Rusiyanın 27-28 oktyabr tarixlərində Şimali Koreya əsgərlərini ilk döyüş bölgələrinə göndərəcəyini bildirib. ABŞ Rusiyada təxminən 10 min Şimali Koreya əsgərinin olduğunu və onların 8 mininin Ukrayna sərhədinə yaxın olan Kursk bölgəsində yerləşdirildiyini açıqlayıb.

Mövzuya görə xəbərlər