Bakı, TurkicWorld
Böyük Britaniya Livanda olan vətəndaşlarını təxliyə etməyə başlayacağını açıqlayıb.
TurkicWorld xəbər verir ki, Britaniya Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, təxliyə sabah başlayacaq.
Təyyarə, Britaniya vətəndaşları ilə onların ailə üzvlərini (həyat yoldaşları və 18 yaşından kiçik uşaqları) daşıyacaq. Uçuş Beyrutdakı Rafik Həriri hava limanından həyata keçiriləcək.
Nazirlik, Livanda olduqlarını bildirən Britaniya vətəndaşlarına təxliyyə uçuşu ilə bağlı məlumatlar göndəriləcəyini və həssas sərnişinlərin təxliyədə üstünlük qazanacağını bildirib. Uçuşa qatılmaq istəyən hər bir sərnişin 350 funt sterlinq ödəməli olacaq. Əcnəbi sərnişinlərin isə etibarlı İngiltərə vizasına sahib olması tələb olunur.
Britaniyanın Xarici İşlər Naziri David Lammy, Livandakı vəziyyətin həssas olduğunu və daha da pisləşə biləcəyini vurğulayaraq, hazırda vətəndaşların təhlükəsizliyinin əsas prioritet olduğunu qeyd edib. O, təxliyyə üçün heç bir əlavə uçuşun təmin olunmayacağı ehtimalını da bildirib.
Qeyd edək ki, Britaniya, keçən həftə Livandakı təxliyələrə dəstək olmaq üçün Kiprə 700 nəfərlik qüvvə göndərib və Beyrutdakı səfirliyə dəstək qrupu yerləşdirib.