Bakı, TurkicWorld
İran prezidenti Məsud Pezeşkian oktyabr ayının sonlarında Rusiyaya səfər edəcək.
TurkicWorld-in məlumatına görə, bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani bu gün (24 sentyabr) Tehranda keçirilən ilk mətbuat konfransında deyib.
Onun sözlərinə görə, İran prezidenti Rusiyaya səfəri çərçivəsində BRICS-ə üzv ölkələrin sammitində iştirak edəcək.
Mohacerani səfər çərçivəsində İran prezidentinin Rusiya prezidenti Vladimir Putinlə görüşünün planlaşdırıldığını deyib.
"İki ölkə arasında strateji əməkdaşlıq sənədi artıq yekunlaşmaq üzrədir. Bu çərçivədə artıq strarteji tərəfdaşlıq qurulub", - deyə o qeyd edib.
Qeyd edək ki, BRICS 2006-cı ildə yaradılmış hökumətlərarası təşkilatdır. Rusiya 2024-cü il yanvarın 1-dən BRICS-ə sədrliyi qəbul edib. Hazırda Rusiya, Braziliya, Hindistan, Çin və Cənubi Afrikadan başqa, Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı da təşkilatın üzvüdür.