Bakı, TurkicWorld
Şimali Koreya iki aylıq fasilədən sonra şərq sahillərindən qısa mənzilli ballistik raketlər buraxıb.
TurkicWorld xəbər verir ki, bu barədə Cənubi Koreya Baş Qərargahı məlumat verib.
Raketlərin Pxenyandan buraxıldığı və təxminən 350 kilometr qət etdikdən sonra dənizə düşdüyü bildirilib. Hələlik buraxılan raketlərin dəqiq sayı bəlli olmasa da, Yaponiya Müdafiə Nazirliyi ən azı iki raketin 350 kilometr məsafə qət etdiyini və 100 kilometr yüksəkliyə çatdığını təsdiqləyib.
Cənubi Koreya və Yaponiya bu hərəkəti sərt şəkildə pisləyərək, bölgədə sülh və sabitliyi təhdid edən açıq-aşkar təxribat kimi qiymətləndiriblər.
Yaponiyanın baş naziri Fumio Kişida da bu hücumu şiddətlə qınadıqlarını və Şimali Koreyaya rəsmi etiraz notası verdiklərini açıqlayıb.
Qeyd edək ki, bu raket sınağı, Kim Çen Inın nüvə silahlarının istehsalını artıracağı və onları istifadəyə hazır vəziyyətdə saxlayacağına dair vədindən bir neçə gün sonra baş verib.