BAKI,TurkicWorld
Aprelin 16-da Asiya Ombudsmanlar Assosiasiyasının (AOA) təsis olunmasının 30 illiyi münasibətilə onlayn tədbir keçirilib.
Ombudsman Aparatının mətbuat xidmətindən TurkicWorld-ə bildirilib ki,Türkiyə, Pakistan, Çin, Özbəkistan, Qırğızıstan, Yaponiya, Tailand və digər ölkələrin ombudsman və milli insan hüquqları təsisatlarının rəhbər və nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxışı zamanı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), AOA-nın vitse-prezidenti Səbinə Əliyeva iştirakçıları Assosiasiyanın təsis olunmasının otuzilliyi münasibətilə təbrik edib, AOA-nın ötən müddət ərzində bir sıra mühüm nailiyyətlər əldə etdiyini bildirib və işini yüksək qiymətləndirib.
Müvəkkil Assosiasiya çərçivəsində biznes və insan hüquqları, əlilliyi olan şəxslərin hüquqları, korporativ məsuliyyət və digər aktual mövzularda tədbirlərin keçirildiyini və müsbət nəticələrin əldə olunduğunu qeyd edib.
S.Əliyeva Azərbaycanın Ombudsman təsisatının Assosiasiyanın fəal üzvü olduğunu, ölkəmizin AOA-nın İdarə Heyətinin iclası kimi əhəmiyyətli tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdırıb.
Müvəkkil AOA çərçivəsində biznes və insan hüquqları sahəsində beynəlxalq platformanın yaradılması təşəbbüsünün digər üzv ölkələrin ombudsman təsisatları tərəfindən müsbət qarşılandığını xatırladaraq, bu sahədə işçi qrupun yaradılmasının müntəzəm məlumat mübadiləsinə və birgə fəaliyyətlərin əlaqələndirilməsinə mühüm töhfə verəcəyini vurğulayıb.
Tədbirdə çərçivəsində ombudsmanlar müsbət təcrübələrini paylaşaraq, Assosiasiya çərçivəsində birgə əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparıblar. Həmçinin AOA üzvləri arasında qurumun gələcək fəaliyyət istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.







