Bakı, TurkicWorld
Avstraliyanın Cənubi Avstraliya əyaləti, 14 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan etməyə hazırlaşır.
TurkicWorld xəbər verir ki, bu təklif ölkənin keçmiş Ali Məhkəmə hakimi Robert Fransın hazırladığı hesabat əsasında irəli sürülüb.
Hesabatda sosial medianın uşaqların psixi sağlamlığına mənfi təsirləri və asılılıq yaradan xüsusiyyətləri vurğulanıb.
Cənubi Avstraliyanın baş naziri Peter Malinauskas, sosial medianın psixi sağlamlığa zərərli təsirləri səbəbilə bu qanun layihəsini dəstəkləyir. O, sosial media platformalarını gənclər arasında asılılıq yaradan mexanizmlərlə qazanc əldə etməkdə ittiham edir və bu məsuliyyəti onların daşımalı olduğunu bildirir.
Qanun layihəsinə əsasən, 14 yaşından kiçik uşaqlar sosial media platformalarına valideyn razılığı olmadan daxil ola bilməyəcəklər. Əgər uşaqlar bu platformalarda qanunsuz olaraq hesab açarsa, sosial media şirkətləri cərimələnə bilər.
Layihənin ilk olaraq Cənubi Avstraliyada tətbiq edilməsi, daha sonra isə digər ştatlara yayılması planlaşdırılır.