Bakı. TurkicWorld
Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransanın işğalı altında olan Mayot adasına həsr olunmuş beynəlxalq konfrans keçirilir.
TurkicWorld xəbər verir ki, "Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı" adlı konfransda Fransanın işğalına qarşı mübarizə aparan və Mayot adasının Qəmər Adaları İttifaqının tərkibinə geri qayıtmasına çalışan Qəmər Adaları İttifaqı, o cümlədən, Mayot adasının ictimai-siyasi xadimləri, elmi dairələrinin nümayəndələri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, siyasi partiyalarının üzvləri, habelə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak edir.
Konfransda Qəmər Adalarında Fransanın müstəmləkəçilik tarixi, Mayotun Fransa tərəfindən işğalı və bunun nəticəsində qəmərlilərə vurulmuş ziyan, Fransanın bu bölgədə müstəmləkəçilik siyasətinin geosiyasi və iqtisadi maraqları, habelə Qəmər Adaları İttifaqının Mayot adası ilə bağlı beynəlxalq təşkilatların mövqeyi müzakirə olunur.
Xatırladaq ki, bu tədbir beynəlxalq hüquq çərçivəsində müstəmləkəçilik siyasəti ilə mübarizə aparan xalqlara dəstək göstərən Bakı Təşəbbüs Qrupunun son 1 ildə keçirdiyi 16-cı beynəlxalq tədbiridir.