Bakı, TurkicWorld
ABŞ Ədliyyə Nazirliyi Google şirkətini parçalayaraq müxtəlif şirkətlərə çevirməyi planlaşdırır.
TurkicWorld xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bu ayın əvvəlində Amerika məhkəməsi, Google şirkətinin axtarış sistemlərində monopoliya yaradaraq haqsız üstünlük əldə etdiyinə qərar verib, buna görə də Google məhkəmədə məğlub olub.
Məlumat verək ki, Google 2015-ci ildə korporativ strukturunda əhəmiyyətli dəyişiklik edərək, Alphabet adlı şirkət qurmuşdu. YouTube, Android, AdWords kimi müxtəlif departamentlər bu şirkətin tərkibində toplanmışdı. Keçən həftə itirilən məhkəmə işi ilə bağlı Ədliyyə Nazirliyi hələ yekun qərar verməsə də, bu strukturun parçalanması nəzərdə tutulur.
Əgər belə bir qərar qəbul edilərsə, Android, Chrome, AdWords və YouTube kimi departamentlər müstəqil şirkətlərə çevriləcək. Bununla, Alphabet-in müəyyən sahələrdə rəqiblərinə qarşı haqsız üstünlük əldə etməsinin qarşısı alınacaq.
Qeyd edək ki, Ədliyyə Nazirliyinin nəzərdən keçirdiyi başqa bir variant isə Alphabet-i rəqibləri ilə daha şəffaf olmağa məcbur etmək və rəqib şirkətlərlə məlumat paylaşmasını təmin etməkdir. Nazirliyin hansı istiqamətə yönələcəyinə yaxın günlərdə qərar veriləcək. Lakin sərt sanksiyalar tətbiq olunarsa, Alphabet ciddi böhranla üzləşə bilər.