Son dəqiqə

NATO Almaniya

Almaniyanın müdafiə naziri hərbi xərcləri artırmağa çağırıb

Bakı, TurkicWorld

Almaniyanın müdafiə naziri Boris Pistoriusun fikrincə, hərbi xərcləri artırmaq və müdafiəyə NATO-nun ÜDM-in 2 faizlik hədəfindən çox vəsait yönəltmək lazımdır.

TurkicWorld DPA agentliyinə istinadən xəbər verir ki, Pistorius bu barədə Asiya-Sakit Okean Təhlükəsizlik Məsələləri üzrə Amerika İnstitutunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hazırda NATO müttəfiqlərinin üçdəikisi ÜDM-in 2 faizini müdafiəyə xərcləməklə bağlı bəyan edilmiş hədəfinə çatıb, Almaniya isə on il bundan əvvələ nisbətən 150 faiz çox vəsait xərcləyib.

Nazir qeyd edib ki, əldə olunmuş nəticə ilə kifayətlənmək olmaz və 2 faizlik hədəf göstəricisi son deyil. O, təhlükəsizliklə bağlı mövcud dəyişikliklər fonunda NATO ölkələrini hərbi xərcləri tez bir zamanda artırmağa çağıraraq deyib: "Bu, mənim hökumətim də daxil olmaqla, açıq bir xahişdir".

Almaniyada 2022-ci ildə ordunun modernləşdirilməsi üçün 100 milyard avroluq xüsusi fond yaradılıb. Bu il ölkə müdafiə sahəsinə 73,41 milyard dollar ayıracaq ki, bu da proqnozlaşdırılan ÜDM-in 2,01 faizini təşkil edir. Boris Pistorius fevralın 17-də Münxen Təhlükəsizlik Konfransında demişdi ki, bu qədər hərbi xərc gələcək illərdə Almaniyanın təhlükəsizliyini təmin etmək üçün yetərli olmaya bilər.

Mövzuya görə xəbərlər