Bakı,TurkicWorld
İran və üç Avropa ölkəsi (Böyük Britaniya, Fransa və Almaniya) arasında dialoq ciddi, şəffaf və konstruktivdir.
TurkicWorld-in məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi özünün "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Onun sözlərinə görə, İran və üç Avropa ölkəsi arasında dialoqun 3-cü raundu Cenevrədə keçirilib.
Qəribabadi əlavə edib ki, iki sahədə, İran əleyhinə tətbiq olunan sanksiyaların ləğvi və nüvə sahəsində bir anlaşmanın əldə olunması vacibdir. Bəzi detallara varmaqla, bu sahələrdə ideyalar araşdırılıb və müzakirə olunub.
"Yekdil fikir var ki, müzakirələr yenidən başlanmalı və bir anlaşmanın əldə olunması üçün bütün tərəflər tərəfindən münasib şərait yaradılmalı və qorunmalıdır. Dialoqların davam etdirilməsi üzrə razılıq əldə olunub", - deyə o qeyd edib.
Qeyd edək ki, 29 noyabr 2024-də İran və 3 Avropa ölkəsi (Böyük Britaniya, Fransa və Almaniya) xarici işlər nazirləri müavinlərinin dialoqunun ilk raundu Cenevrədə keçirilib. Bu dialoqun növbəti raundu 13-14 yanvarda Cenevrədə davam etdirilir.
Cenevrə danışıqlarında regional və beynəlxalq məsələlər, üç Avropa ölkəsi (Böyük Britaniya, Fransa və Almaniya) ilə ikitərəfli məsələlər, eləcə də nüvə məsələləri müzakirə olunur.