Bakı, TurkicWorld
İngiltərənin Southport şəhərində uşaqlara bıçaqla hücumdan sonra baş verən iğtişaşların gedişində 39 polis əməkdaşı yaralanıb.
TurkicWorld xəbər verir ki, Şimal-Qərbi İngiltərənin təcili tibbi yardım xidməti bu barədə sosial mediada məlumat yayıb.
Yaralanan 27 nəfərin xəstəxanaya yerləşdirildiyi, 12 nəfərə isə hadisə yerində yardım göstərildiyi bildirilir.
İğtişaşların İngiltərə Müdafiə Liqasının ifrat sağ hərəkatının tərəfdarları tərəfindən törədildiyi iddia edilir. Onlar polisə butulka və daş atıb, həmçinin küçədəki avtomobilləri yandırıblar.
Qeyd edək ki, iyulun 29-da Böyük Britaniyanın Mersisayd qraflığının Southport şəhərində baş vermiş bıçaqlı hücum nəticəsində üç uşaq qətlə yetirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən 17 yaşlı yeniyetməni saxlayıb. Polis, həmçinin hadisənin terror aktı olmadığı qənaətindədir.