Bakı, TurkicWorld
Bugün səhər tezdən İsraildə Təl-Əvivin mərkəzi küçələrində güclü partlayış baş verib.
TurkicWorld bu barədə İsrail KIV-ə əsasən məlumat verir.
Ən azı 10 nəfərin yaralandığı hadisə zamanı polis partlayışa yaxın olan bir mənzildə kişi cəsədinin tapıldığını və hazırda vəziyyətin araşdırıldığını bildirib.
Hadisə yerindən görüntülərdə, ərazinin polis lenti ilə bağlandığı, partlayış qalıqları olan bir binanın yaxınlığında toplanan insan kütləsi və şəhər küçələrinə səpələnmiş şüşə qırıqları görünür.
İsrail ordusu hadisə yerini nəzərdən keçirib və ilkin araşdırmalar hadisənin “hava hədəfi” ilə bağlı olduğunu müəyyən edib. İnsidentdən sonra hava patrullarının sayı artırılıb.
Zərbənin İsrailin hava hücumundan müdafiə sistemindən necə yayındığı və İsrailin buna necə cavab verəcəyi hazırda məlum deyil.
İsrail ordusu hücumun xarakterini hələ ki tam dəqiqləşdirməsə də, X platformasından etdiyi açıqlama da Təl-Əviv meri olan Ron Huldai zərbəni dron hücumu adlandırıb. Yəmən husiləri HƏMAS-a dəstək göstərərək , doqquz aydır davam edən müharibə boyunca dəfələrlə İsrailə pilotsuz təyyarələr və raketlər atıblar. Lakin cümə gününə qədər atılan bütün raketler ya İsrail, ya da regionda yerləşdirilmiş digər Qərb müttəfiqləri tərəfindən ələ keçirilib.
Ölkə bu günə qədər husilərə hücum etməyib və bu məsələni bu vaxta qədər müttəfiqlərinə həvalə edib , özü isə əsas səylərini Qəzzadakı müharibəyə və Livan Hizbullahı ilə davam edən döyüşlərə yönəldib.
Yerli polis bildirib ki, partlayış cümə günü səhər saat 3:10 radələrində başlayıb, yaxınlıqdakı şəhərlərə də yayılıb və azı 10 nəfər fiziki xəsarət alıb. Təl-Əviv Bölgə komandiri Peretz Amar qeyd edib ki, polis əsas başlanğıc nöqtəsini tapa bilməyib və ilkin fərziyyə olaraq partlayışın havada baş verdiyini ehtimal edirlər.
“Partlayışın gücü böyük olmasa da, geniş bir əraziyə yayılan ziyana səbəb olub. Hazırda partlayışa səbəb olan qüvvənin nə olduğunu bilmirik ”, - deyə Amar bildirib.
Qeyd edək ki, İsrail uzun mənzilli ballistik raketlərdən tutmuş, pilotsuz təyyarələrə və qısa mənzilli raketlərə qədər müxtəlif təhlükələri əngəlləyə biləcək çoxqatlı hava hücumundan müdafiə sisteminə malikdir. Bu sistemlər müharibə boyu minlərlə müxtəlif zərbənin qarşısını alıb. Lakin rəsmi şəxslər, bu müdafiə sisteminin bütün hallarda yüz faiz uğurlu olmadığı mövzusunda xəbərdarlıq edib və kiçik, müəyyən edilməsi çətin olan dron hücumlarına qarşı yanıla biləcəyini söyləyiblər.