Yaponiya, Böyük Britaniya və İtaliya birgə döyüş təyyarəsi hazırlayacaq

Yaponiya, Böyük Britaniya və İtaliya birgə döyüş təyyarəsi hazırlayacaq

Bakı. TurkicWorld:

Yaponiya, Böyük Britaniya və İtaliya birgə döyüş təyyarəsi hazırlamaq barədə razılığa gəliblər.

TurkicWorld-un məlumatına görə, İngiltərə, Yaponiya və İtaliya müştərək döyüş təyyarəsi inkişafı proqramı çərçivəsində koordinasiya şurasının yaradılmasına dair razılaşma imzalayıb.

İngiltərə, Yaponiya və İtaliya birgə döyüş təyyarəsi hazırlamaq üçün ilk addımı atıblar. Yaponiyanın müdafiə naziri Minoru Kihara, Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps və İtaliyanın müdafiə naziri Guido Crosetto Yaponiyanın paytaxtı Tokioda bir araya gələrək döyüş təyyarəsi layihəsinin qrafikini müzakirə ediblər. Görüşün sonunda müdafiə nazirləri proqram çərçivəsində qabaqcıl döyüş təyyarələrinin istehsalı üçün koordinasiya şurasının yaradılmasına dair razılaşma imzalayıblar.

Böyük Britaniyanın müdafiə naziri Şapps açıqlamasında bildirib ki, heç bir ölkə yüksək təcrübə və avadanlıqla belə bir layihəni təkbaşına həyata keçirə bilməz.

Yaponiyanın müdafiə naziri Minoru Kihara açıqlamasında qeyd edib ki, İkinci Dünya Müharibəsindən bəri ən mürəkkəb təhlükəsizlik mühiti ilə üzləşdiyimiz üçün hava üstünlüyünü təmin etmək bizim nail olmalı olduğumuz mühüm vəzifələrdən biri olaraq qalır.

Döyüş təyyarələrinin 2035-ci ilə qədər istifadəyə verilməsini nəzərdə tutan saziş, ölkələrin parlamentlərində təsdiqləndikdən sonra qüvvəyə minəcək. Qlobal Döyüş Hava Proqramı (GCAP) olaraq elan edilən layihənin birgə inkişaf mərhələsi 2025-ci ildə başlayacaq.

Açıqlamaya görə, mərkəzi ofisi İngiltərədə olacaq proqramın ilk prezidenti Yaponiyadan, kommersiya təşkilatının ilk rəhbəri isə İtaliyadan seçiləcək.

Aytac Süleymanova

Twitter: a_alieva_