Bakı. TurkicWorld:
Roma statutunun ratifikasiyası Rusiya-Ermənistan münasibətlərinə çox mənfi təsir edəcək.
Bu barədə TurkicWorld-ə açıqlamasında siyasi şərhçi Turab Rzayev deyib.
O qeyd edib ki, Roma statutunun ratifikasiyası Rusiya dövlətinə qarşı təhqirdir.
"Rusiyanın müttəfiqi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan ölkə Amerika ilə birgə hərbi təlimlər keçirir. Daha sonra qanun qəbul edilir ki, Rusiya prezidenti Ermənistana gəlsə həbs olunacaq. İrəvanın bu tip addımları Rusiya ilə mövcud çatı dərinləşdirib.
T. Rzayev bildirib ki, bunların fonunda Rusiya Xarici İşlər naziri Sergey Lavrov Ermənistanla bağlı neqativ açıqlama verib.
"Lavrov çıxışında bildirdi ki, Ermənistandakı müvəqqəti menecment Rusiya-Ermənistan münasibətlərinə təsir göstərə bilməz. Bütün hallarda Roma statutu Ermənistanı Rusiyadan hələ ki, qopara bilməyəcək. Əslində bu ifadə Paşinyan hökumətinin müvəqqəti olduğunu deməsidir. Bu da işarədir ki, Paşinyan hakimiyyəti devrilə bilər.
Bütün bunlar iki ölkə arasında olan əlaqələri kəsə bilməz. Dolayı yolla Rusiya Gümrü bazasından çıxmayacağını və Paşinyanın KTMT-dən çıxmaq istəyərsə, imkan verməyəcəklərini göstərir. Bütün bu proseslər Rusiya-Ermənistan münasibətlərin ən pis yaşadığının göstəricisidir", - deyə o, qeyd edib.
Qeyd edək ki, Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edib. Qərar Ermənistan parlamentində müzakirə edilərək qəbul edilib.